Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə şanlı Qələbənin beşinci ildönümünə həsr olunmuş “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bu ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu, ölkəmizin Qarabağda şanlı Zəfərin beşinci ildönümünü, “Konstitusiya və Suverenlik İli”ni qeyd etdiyini deyib. O bildirib ki, Azərbaycanın qazandığı bu Zəfəri Türk dünyasının birliyi daha da gücləndirir: “Türkdilli xalqları ortaq tarix, adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlər birləşdirir. Bu gün ikincisi keçirilən “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfransın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzunu olduğu Tarix fakültəsində keçirilməsinin də xüsusi əhəmiyyəti var. Çünki postsovet dövründə milli kimliyimizin araşdırılması və Türk dünyası ilə bağlılığımızla bağlı araşdırmalara ən çox ehtiyacın duyulduğu bir dövrdə BDU-nun Tarix fakültəsi bu məsuliyyətli vəzifəni icra edib. Bununla bərabər, Ulu Öndər Heydər Əliyevin Türk dünyasının inkişafında misilsiz xidmətləri var. Məhz Ümummilli Liderin əsasını qoyduğu birlik epoxası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali təhsil müəssisələrinin üzərinə düşən vəzifə isə gənc nəsli bununla bağlı köklü araşdırmalara sövq etmək və bu ənənəni davam etdirməkdir”.
Milli Məclisin elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov ümumtürk ailəsinin və soy-kökünün qorunmasının vacibliyini vurğulayıb. Yeni reallıqlar dövrünü yaşayan Azərbaycanın bu gün Türk dünyasının mərkəzinə çevrildiyini, dirçələn Qarabağın isə bu birliyin strateji nöqtəsi olduğunu deyib: “Türk dünyasının ortaq tarixini yaratmaq lazımdır. Hazırda ortaq əlifbanın üzərində işlər gedir, amma ortaq tarix daha da strateji məsələdir. İnanıram ki, bu missiyanı gənclərimiz bacaracaq”.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov Türk dünyasının ortaq tarixi-mədəni dəyərlərinin pedaqoji yükə sahib olduğunu deyib: “Bu gün “Türk dünyası nədir?” sualının cavabını tapmaqla uzun illər həsrətində olduğumuz birliyə nail olmuşuq. Türkçülük ideologiyasının əsasını qoyan Ziya Göyalp, ölkəmizdə ilk dəfə bu ideyaların müəllifi kimi çıxış edən Əli bəy Hüseynzadənin varisləri kimi həmin sualı daha dərindən dərk etməli və dünyaya sübut etməliyik. Hazırda Türk dünyasının ortaq məsələlərlə bağlı metodoloji problemləri var. Biz ortaq məsələlərin təhrifə yol verilmədən inkişafına nail olmalıyıq”.
Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru İbrahim Ethem Atnur, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, Milli Məclisin deputatları - BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva və Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev konfransın ölkəmiz və bütövlükdə Türk dünyası üçün önəmini bildirib, tələbə-gəncləri bu mövzuda fəal olmağa çağırıblar.
Konfrans öz işini plenar iclas və 9 bölmə ilə davam etdirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.