AZ

“Məni işdən çıxarmaq üçün ştatı ləğv edir”

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyət və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlı direktor Hicran Əyyubova tərəfindən təzyiqə məruz qaldığını bildirib.

N.Haşımlı bu barədə AzPost-a müraciətində vurğulayıb.

Onun sözlərinə görə, direktor Hicran Əyyubova onun ştat vahidinin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib.

“Kollecin Həmkarlar İttifaqının sədri Nisə Əliyeva xəstəliklə bağlı bülletendə olduğum zaman mənə mesaj yazaraq ştatın ləğv ediləcəyi ilə bağlı iclas keçiriləcəyini bildirib. Təəssüf doğuran haldır ki, həmkarlar ittifaqı işçinin deyil, rəhbərliyin maraqlarını müdafiə edən mövqe sərgiləyir”-deyə N.Haşımlı vurğulayıb.

O müraciətində qeyd edib ki, direktor açıq şəkildə ona “hara şikayət edirsən et, mən yalnız agentliyə tabeyəm” deyib. Belə münasibət dövlət qanunlarının nüfuzuna kölgə salır, Kollecdə idarəetmənin şəxsi maraqlar əsasında qurulduğu təəssüratı yaranır.

N.Haşımlının sözlərinə görə, ona qarşı belə münasibət 2025-ci ilin iyulundan, Hicran Əyyubovanın Kollecə direktor təyin olunmasından sonra başlanıb: “Təyin olunduqdan bir neçə gün sonra məni çağırdı. Heç bir səbəb olmadan ərizə yazıb işdən xoşluqla çıxmağımı tələb elədi”.

Lakin N.Haşımlı bu təklifi rədd edib.

Bundan sonra rəhbərlik tərəfindən ona qarşı müxtəlif formalarda psixoloji və inzibati təzyiqlər davam etdirilib.

İlk olaraq, heç bir hüquqi əsas göstərilmədən əmək haqqına tətbiq olunan əlavələr ləğv edilib. Bundan əlavə, əmək məzuniyyəti hüququndan istifadə etmək üçün etdiyi çoxsaylı müraciətlər əsassız şəkildə rədd edilib.

“İş şəraitim bilərəkdən çətinləşdirilib, çalışdığım otaq “təmir” bəhanəsi ilə iki dəfə dəyişdirilib. Baş verən qanun pozuntuları ilə bağlı Əmək Müfəttişliyi də daxil olmaqla müxtəlif dövlət qurumlarına şikayətlər etmişəm. Lakin təəssüf ki, müraciətlərimə effektiv və obyektiv baxılmayıb. Şikayətlərimdən sonra direktor tərəfindən qanunsuz iclas təşkil edilib və mənə töhmət verilib”.

N.Haşımlı bildirir ki, kollecin direktor müavini Gülnar Kərimova ona kollecin digər otaqlarına daxil olmağı qadağan edib: “Bu, hüquqi əsası olmayan göstəriş, işçinin əmək və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Hazırda direktor bütün bu təzyiqlərə baxmayaraq işdən çıxmadığımı görərək çalışdığım ştat vahidinin ləğv edilməsi təşəbbüsü ilə çıxış edir”.

“Xüsusilə vurğulamaq istərdim ki, iki azyaşlı övladım var. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, 3 yaşına çatmamış uşağı olan qadının işdən azad edilməsi qadağandır. Buna baxmayaraq, bu hüquqi norma faktiki olaraq nəzərə alınmır. İşçi hüquqlarının bu qədər açıq şəkildə pozulmasına niyə göz yumulur və vətəndaş hansı instansiyaya müraciət etməlidir ki, şikayətinə real baxılsın?”-deyə N.Haşımlı müraciətində vurğulayıb.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Qeyd edək ki, iyulun 10-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Hicran Əyyubova 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azpost.info

2Mənbələr