Masallı rayonunda 2000-ci il təvəllüdlü Sərxan yetkinlik yaşına çatmayan Kəmalə ilə (adlar şərtidir-red.) intim münasibətdə olub, daha sonra isə ona qarşı dələduzluq edib.
Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, 2023-cü ilin iyul ayında o, Masallı rayonunun kəndində fərdi yaşayış evinin həyətində Kəmalə ilə intim münasibətdə olub.
Yetkinlik yaşına çatmayan qıza qarşı bu hərəkətlərini həmin ilin sentyabrında atasına məxsus mağazanın anbarında, bundan başqa Qumbaşı kəndinə gedən yolun kənarında avtomobildə təkrarlayıb.
O, 2024-cü ilin mart ayının ortalarınadək müxtəlif ünvanlarda qızla yaxın münasibətdə olub.
İstintaq sənədlərinə görə, Sərxan Kəmaləni özünün ağır xəstəliyə düçar olması, müalicəsinə və əməliyyatına xeyli pul lazım olması yalanına inandırıb və 2024-cü ilin martın 1-də ondan anası İlhaməyə (şərti) məxsus 5100 dolları alıb. Daha sonra eyni üsullarla qızdan ailəsinə məxsus daha 3200 dolları da ala bilib.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.4.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər), 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Sərxan özünü Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirli bilməyib, dələduzluqla bağlı ilə verilən ittihamları isə qəbul edib.
O deyib ki, 2023-cü il mayın 23-də Kəmalə rəfiqəsi ilə onlara məxsus mağazaya gəlib, oradan alış veriş edərkən iki su şüşəsini yerə salaraq sındırıb: "Kəmalə sınan şüşələrin də pulunu verdi və müşahidə kamerasından müvafiq qeydi ona göndərməyimi xahiş etdi.
Ondan video-qeydi istəməsinin səbəbini soruşdum. Bildirdi ki, bunu anasına göstərib, pulu sınan su şüşələrinə görə ödədiyini söyləyəcək. Sonra mobil nömrəsini verdi, video-qeydi votsapına göndərməyimi istədi. Axşam onun xahişini yerinə yetirdim".
Sərxan daha sonra votsap vasitəsilə qızla münasibət qurub:
"Kəmalə ilə aramızda sevgi münasibətləri olub, cinsi əlaqəyə girməmişik. Ondan borc pul almışam. Mənə pul verdiyinə görə ailəsinin yanında çıxılmaz vəziyyətdə qalıb".
Sərxan bildirib ki, 2024-cü il dekabr ayının əvvəlində Kəmalə ona maşın sürmək arzusunda olduğunu bildirib:
"Kəmalənin məktəbə getdiyi bəzi günlərdə atama məxsus avtomobillə onu səhər saat 8 radələrində məktəb yolundan və ya yaşadığımız küçədən götürərək magistral yollarda avtomobil idarə etməyi öyrətdim. Yanvar ayından etibarən Kəmalə sərbəst maşın sürürdü. Görüşdüyümüz vaxtlarda onu öpüb, qucaqlamışam.
Yanvar ayının axırlarında bacımın toyu olacağını, toyda onu ailəmlə tanış edəcəyimi dedim. Kəmalə isə "sənin ailən heç vaxt məni qəbul etməz" kimi ifadələr işlətdi. Bu sözlərdən əsəbiləşdim, ona iradımı bildirdim".
Müttəhim bildirib ki, müalicə adı ilə Kəmalədən öncə 5100 dollar pul alıb, ancaq onu mərc oyunlarında uduzub. Martın 4-də isə qızdan daha 3200 dollar alıb.
İş üzrə zərərçəkmiş Kəmalə isə ifadəsində Sərxanla tanışlığından, onunla dəfələrlə cinsi əlaqədə olmasından, daha sonra dələduzluğa məruz qalmasından danışıb.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sərxan 10 il azadlıqdan məhrum edilib. Həmçinin o, yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət hökmünün çıxarılmasını, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində cəza təyin olunmasını xahiş edib.
Şirvan Apellyasiya Məhkəməsində müdafiəçinin şikayəti qismən təmin edilib.
Təqsirləndirilən şəxsin cəzası 7 il 6 aya endirilib.