AZ

Milli liderlik və müasir dövlətçilik nümunəsi ANALİZ

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin 64 yaşı tamam oldu

 

Dövlət başçısının doğum günü yalnız tarix deyil, Azərbaycan uğurlarının simvoludur

 

Dekabrın 24-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Dövlət başçısı 64 yaşını qeyd edir. Prezident 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Ən son 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkilərdə İlham Əliyev 92,12 faiz səs toplayaraq, ölkə prezidenti seçilib.

İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi yekunu olaraq, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib. 2023-cü ildə Azərbaycan torpaqlarında erməni separatizminə son qoymaqla iyirmi illik uğurlu fəaliyyətini taclandırıb. 2023-cü il sentyabrın 19-da 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Millət vəkili Azər Allahverənov Sherg.az-a deyib ki, Azərbaycanın müasir tarixində dərin iz buraxmış, dövlət müstəqilliyinin möhkəmlənməsi və milli dirçəlişin təmin olunmasında əvəzsiz xidmətlər göstərmiş Prezident İlham Əliyev xalqımızın yaddaşında müdrik liderlik, qətiyyət və uzaqgörən siyasətin rəmzi kimi yer alıb. Deputat vurğulayıb ki, onun doğum günü artıq çoxdan sadəcə təqvim hadisəsi olmaqdan çıxaraq, bütün bir dövrün, bir ideyanın güclü, müasir və qalib Azərbaycanın yaranış fəlsəfəsinin rəmzinə çevrilib:

"Bu gün xalq bu tarixi yalnız bir liderin doğum günü kimi deyil, həm də ölkənin taleyinə yön vermiş, milli inamı bərpa etmiş və dövlətçiliyin dayaqlarını möhkəmləndirmiş bir şəxsiyyətin fəaliyyətinə dərin ehtiram və minnətdarlıqla yad edir. Prezident İlham Əliyevin adı müasir Azərbaycanın inkişafı, sabitliyi və beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır. Onun rəhbərliyi altında ölkəmiz siyasi müdrikliklə iqtisadi gücün, milli dəyərlərlə müasir baxışın və diplomatik çevikliyin qovuşduğu bir modelə çevrilib. Bu gün xalqın yaddaşında qeyd olunan bu əlamətdar gün, əslində, Azərbaycanın dövlətçilik salnaməsində yeni mərhələnin başlanğıc nöqtəsi, müstəqilliyin möhkəm dayaqları üzərində ucalan bir dövlətin rəmzidir. 2003-cü ildən etibarən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi müasir mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm siyasi, iqtisadi və ideoloji təməl bu mərhələnin başlanğıc nöqtəsi oldu. Məhz həmin təməllər üzərində Prezident İlham Əliyev yeni dövrün çağırışlarına cavab verən müasir idarəetmə modelini formalaşdırdı. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, dövlətin davamlı inkişafını təmin edəcək sistemin əsasını qoymuşdu. Onun uzaqgörən siyasəti, sabitlik və milli həmrəyliyin bərpası istiqamətində gördüyü işlər müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarına çevrildi. Prezident İlham Əliyev isə həmin ideyaları yeni dövrün reallıqlarına uyğunlaşdıraraq müstəqil Azərbaycanın inkişaf salnaməsinə yeni səhifələr əlavə etdi".

Parlament üzvü qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri hava limanlarının, yolların, sənaye parklarının və “ağıllı kəndlərin” inşası Prezidentin uzaqgörən siyasətinin real nəticələridir:

"Prezident İlham Əliyev bu illər ərzində Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş və sabitlik adası kimi tanıtdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik fəaliyyəti, Türk Dövlətləri Təşkilatında fəal rolu, Avropa İttifaqı və BMT çərçivəsində təşəbbüsləri ölkəmizin diplomatik nüfuzunu daha da yüksəltdi. Müstəqil siyasət, balanslı münasibətlər və milli maraqlara söykənən qərarlar İlham Əliyevi qlobal siyasətdə bölgənin aparıcı liderlərindən birinə çevirdi. Prezident İlham Əliyevin siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşı dayanır. Onun rəhbərliyi ilə həyata keçirilən sosial proqramlar, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı, təhsil və səhiyyə sistemində islahatlar, gənclərin və qadınların ictimai həyata fəal cəlbi ölkədə sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
sherg.az

1Mənbələr