AZ

Alimlər immun sistemini gəncləşdirməyin yolunu tapdı

Yaş artdıqca immun sisteminin zəifləməsi bir çox insan üçün ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə T hüceyrələrinin azalması və infeksiyalara qarşı cavabın zəifləməsi yaşlıları daha həssas edir.

E-saglam.az xəbər verir ki, ABŞ-nin MIT (Massaçusets Texnologiya İnstitutu) və Broad İnstitutunun alimləri bu problemin qarşısını almağa yönəlmiş yeni və ümidverici bir üsul hazırlayıblar.

Tədqiqatçılar immun sisteminin əsas elementlərindən olan T hüceyrələrinin inkişafını dəstəkləmək üçün qaraciyər hüceyrələrini müvəqqəti olaraq yenidən proqramlaşdırıblar. Məqsəd, T hüceyrələrinin normalda yetişdiyi, lakin yaşlandıqca funksiyasını itirən timus vəzinin zəifləyən rolunu kompensasiya etməkdir.

Timus vəzisi erkən yetkinlik dövründən sonra tədricən kiçilir və yaşlılıqda demək olar ki, fəaliyyətini dayandırır. Alimlər bu boşluğu doldurmaq üçün qaraciyəri seçiblər. Çünki qaraciyər yaşlılıqda belə yüksək zülal istehsal qabiliyyətini saxlayır və qan dövranı tam şəkildə bu orqandan keçir.

Araşdırma zamanı T hüceyrələrinin yetişməsi üçün vacib olan üç əsas immun siqnal – DLL1, FLT-3 və IL-7 – mRNT texnologiyası ilə hazırlanaraq lipid nanopartikülləri vasitəsilə qaraciyərə ötürülüb. Bu üsulla qaraciyər hüceyrələri qısa müddət ərzində immun sistemi dəstəkləyən zülallar istehsal etməyə başlayıb.

Siçanlar üzərində aparılan sınaqlarda, xüsusilə yaşlı siçanlarda T hüceyrələrinin sayında və funksiyasında nəzərəçarpacaq artım müşahidə olunub. Həmçinin peyvəndlərə immun cavabın gücləndiyi, qatil T hüceyrələrinin sayının iki dəfə artdığı müəyyən edilib.

Metodun xərçəng immunoterapiyası ilə birlikdə tətbiqi zamanı da müsbət nəticələr əldə edilib. Müalicə olunan siçanlarda sağ qalma müddətinin uzandığı və şişlərə qarşı immun cavabın gücləndiyi qeyd olunub.

Alimlər bildirirlər ki, bu yanaşma gələcəkdə insanlarda immun sisteminin zəifləməsi ilə bağlı problemlərin qarşısını almağa kömək edə bilər. Bununla belə, metodun təhlükəsizliyi və effektivliyi ilə bağlı əlavə tədqiqatlara ehtiyac var. Komanda növbəti mərhələdə bu strategiyanı digər heyvan modellərində sınaqdan keçirməyi və immun sistemini daha da gücləndirə biləcək yeni mexanizmləri araşdırmağı planlaşdırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
35
26
e-saglam.az

10Mənbələr