AZ

"Yeni il xristian bayramı deyil" - İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA

“Yeni il mənim üçün nə dini bayramdır, nə də əqidə məsələsidir. Yeni il təqvimdə sadəcə bir rəqəmin dəyişməsidir. Bu gün 2025-dir, sabah 2026 olacaq. Nə Quranda bu rəqəm dəyişikliyini qeyd etməyi əmr edən ayə var, nə də bunu qadağan edən açıq bir hökm mövcud deyil. Din zamanın özünə yox, zamanın içində insanın necə davrandığına qiymət verir”. Bu fikirləri Ajans.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. O bildirib ki, bəzi insanlar yeni ili xristian bayramı kimi təqdim etməyə çalışırlar: “Tarixi baxımdan baxanda, doğrudur, Avropada bu gün xristian mədəni mühitində formalaşıb. Amma bugünkü yeni il anlayışı artıq dini bayram çərçivəsindən çıxıb. Bu, bütün dünyanın qəbul etdiyi beynəlxalq təqvim sisteminin dəyişməsidir. Yəni bu gün insanlar yeni ili İsa peyğəmbərin ilahiliyinə inanaraq yox, sadəcə köhnə ilin bitməsi və yenisinin başlaması kimi qarşılayırlar. Burada ibadət yoxdur, ayin yoxdur, dini simvol yoxdur. Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) müsəlmanlara başqa dinlərin bayramlarını dini məzmunla qeyd etməyi qadağan edib və bunun əvəzində Ramazan və Qurban bayramlarını verib. Bu, birmənalı məsələdir və müsəlman öz dini bayramlarını hər zaman uca tutmalıdır. Amma buradan çıxarılan bəzi sərt nəticələr, yəni “yeni ili qeyd edən dindən çıxar” kimi yanaşmalar nə Qurana uyğundur, nə də klassik alimlərin ümumi yanaşmasına”. İlahiyyatçı qeyd edib ki, “Hər kim bir qövmə bənzəyərsə, o da onlardandır” hədisi də çox vaxt kontekstdən çıxarılır: “Qədim alimlər bu hədisi zahiri mənada yox, dini kimliyi və aqidəni təqlid etmək kontekstində izah ediblər. Əgər hər mədəni oxşarlıq haram sayılsaydı, bu gün istifadə etdiyimiz təqvim, saat, texnologiya, hətta geyim forması belə problemə çevrilərdi. Din formaya yox, məzmuna baxır. Azərbaycan cəmiyyətinin özünəməxsus tarixi və sosial reallığı var. Biz uzun illər ateist sistemdə yaşamışıq, eyni zamanda xristian mədəniyyətinin təsiri altında formalaşmış bir məkan olmuşuq. Bu gün isə tolerant, çoxmillətli və çoxdinli bir cəmiyyətdə yaşayırıq. İnsanlar yeni ili dini bayram kimi yox, ailəvi bir gecə, ilin hesabatı, sabaha ümid kimi yaşayırlar. Bu reallığı görmədən verilən dini hökmlər cəmiyyətdə qarşılıq tapmır. Ona görə də mənim mövqeyim aydındır: yeni ilin qeyd edilməsi insanı dindən çıxarmır. Bu gecəni bütün dünya insanları ilə birlikdə zamanın dəyişməsi kimi, ümid və niyyət gecəsi kimi yaşamaq mümkündür. Əgər bu, haramsız, sakit və mənalı şəkildə olursa, burada dini problem axtarmaq doğru deyil. Problem gecədə yox, niyyətdədir.

Din insanı zamandan qoparmaq üçün yox, zamanın içində düz saxlamaq üçün gəlib. Rəqəmlər dəyişir, illər keçir. Əsas olan odur ki, insan bu dəyişimin içində imanını, vicdanını və ölçüsünü itirməsin. Mən yeni ilə məhz bu prizmadan baxıram”.  

Seçilən
38
Ajans.az

1Mənbələr