Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib.
XQ xəbər verir ki, düşərgə çərçivəsində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə ölkəmizin ümumi təhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgənin əsas məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin ailə üzvlərinə, xüsusilə də övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsidir.
Həmçinin xaricdə yaşayan azərbaycanlı uşaqlarla doğma Vətəndə təhsil alan şagirdlərin birgə düşərgə təcrübəsi onların Azərbaycan dili, tarixi və mədəniyyətinə bağlılığının gücləndirilməsinə, milli kimlik şüurunun möhkəmlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda, bu cür layihələr gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması, xaricdə yaşayan gənc nəsillə Vətən arasında davamlı və möhkəm əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Düşərgənin açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, İkinci Qarabağ müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış edərək layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər.
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində əvvəlki illərdə təşkil olunan düşərgələrə həsr edilən videoçarx nümayiş etdirilib və layihənin keçdiyi yol iştirakçıların diqqətinə çatdırlıb.
Qeyd edək ki, düşərgə müddətində iştirakçılar üçün maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər, yaradıcı məşğələlər və sağlamlıq yönümlü proqramlar təşkil olunacaq.
Qış düşərgəsi dekabrın 29-dək davam edəcək.
Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi nəzərdə tutulur.