Nigeriyanın Borno ştatında yerləşən Mayduquri şəhərində məsciddə namaz vaxtı baş verən bomba partlayışı nəticəsində azı beş nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Hadisə çərşənbə axşamı axşam baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Euronews” və “AP” məlumat yayıb.
Polis hücumun intiharçı terrorçu tərəfindən həyata keçirildiyini ehtimal edir. Polis nümayəndəsinin bəyanatında bildirilir ki, partlayış yerində intihar kəmərinin parçaları tapılıb.
Borno ştatının qubernatoru Babagana Zulum hücumu "son dərəcə qəbuledilməz, barbar və qeyri-insani" adlandırıb, bəzi yerli KİV-lər belə xəbər verib.
"Dini ibadət yerinə edilən hücum, müsəlmanların ibadət etdiyi bir vaxtda onun müqəddəsliyinin pozulmasıdır", - deyə o əlavə edib.
Partlayış, Nigeriyanın şimal regionunda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir dövrdə baş verib. Bu regionda ölkə "Boko Haram" və ondan ayrılan "İslam Dövləti - Qərbi Afrika Vilayəti" (İDQAV) kimi çoxsaylı silahlı qruplaşmalarla mübarizə aparır.
Heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, baxmayaraq ki, məscidlər daha əvvəl də silahlıların hədəfinə çevrilib. İntiharçı terrorçulardan istifadə də "Boko Haram" ilə əlaqələndirilir, bu qruplaşma keçmişdə şimal-şərq regionunda oxşar hücumlar üçün məsuliyyəti öz üzərinə götürmüşdü.
Almaz Həsənli