Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə çatmaq üçün dövlət proqramlarının, strategiyaların, konsepsiyaların və bu kimi digər strateji sənədlərin hazırlanması, onların icrasına nəzarətin həyata keçirilməsi və qarşıya qoyulmuş hədəflərə nailolma vəziyyətinin qiymətləndirilməsi, yeni çağırışlar və artan tələblər fonunda istifadəçilərin, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi statistika məlumatlarına tələbatının ödənilməsi üçün statistik məlumat istehsalının dayanıqlılığını və milli statistika sisteminin inkişafını təmin etmək məqsədilə imzalanıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Dövlət Statistika Komitəsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir. Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq işlər görməlidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
"Cebheinfo.az"