AZ

"Prezident Xankəndidən bütün dünyaya mesaj verdi" - Tural Gəncəliyev

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Dövlət başçısı Kərkicahan qəsəbə sakinləri ilə görüşüb, açılışlarda iştirak edib.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyevin sözlərinə görə, prezidentin Xankəndi şəhərinə səfəri, Kərkicahan qəsəbəsində sakinlərlə görüşü, onların evinə qonaq kimi getməsi, eyni zamanda Xankəndidə, Ağdamda, Xocalıda açılan müəssisələrin açılışında iştirak etməsi möhtəşəm mesaj idi:

"Xüsusilə Xankəndidə Zəfər abidəsinin açılışında iştirak etməklə prezident Xankəndidən bütün dünyaya mesaj verir, zəfərimizin simvolunu, qələbəmizin əsas tərənnümü olan abidənin açılışında iştirak edir. Abidənin özü də çox möhtəşəm bir abidədir, Xankəndi şəhərinə yaraşır, Qarabağa yaraşan bir abidədir".

Millət vəkili qeyd etdi ki, simvolizm, real siyasət, Azərbaycanın uğurları, Qarabağda gedən quruculuq-bərpa işləri hamısı birlikdə bir mesajdır:

"İaşə obyektlərinin açılışı da bir mesajdır ki, Qarabağ sürətlə inkişaf edir, məşğulluq, iqtisadi rifah yüksək səviyyədə nəticələrini yaxın gələcəkdə göstərəcək.

Cənab prezident bütün bu işləri, bütün bu səfəri özü üçün ən əziz günlərdən biri olan doğum günündə edir. Bu da bir daha sübut edir ki, cənab prezident öz doğum gününü Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçirməklə Qarabağın xalqımız üçün, dövlətimiz üçün nə qədər önəmli olmasını, nə qədər bu məsələnin onun diqqətində olduğunun göstərir. Bu da başqa bir simvolik rəmz, güclü bir mesaj deməkdir".

Aytəkin TOFİQQIZI

Seçilən
50
1
redaktor.az

2Mənbələr