Almaniyanın “Yunion” klubunda çıxış edən 26 yaşlı portuqaliyalı müdafiəçi Dioqu Leytenin adı “Barselona”nın transfer siyahısında yer alıb.
İdman.Biz sport.es nəşrinə istinadla xəbər verir ki, katalon klubu qış transfer pəncərəsində mərkəz müdafiə xəttini gücləndirmək üçün münasib maliyyə şərtlərinə malik variantlar üzərində çalışır və bu çərçivədə Leyte əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
Bildirilir ki, portuqaliyalı futbolçu “Barselona”nın oyun tələblərinə uyğundur və artıq yanvar ayında heyətə cəlb oluna bilər.
Dioqu Leytenin “Yunion”lə mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 12 milyon avro təşkil edir ki, bu da təxminən 24 milyon manata bərabərdir.
Müdafiəçi indiyədək Portuqaliya millisinin heyətinə iki dəfə dəvət edilsə də, hələ ki, əsas milli komandada rəsmi debüt etməyib.