AZ

Faiq Hüseynov: “Kənddən şəhərə” yarmarkaları əhalinin məhsullarla rahat təminatı istiqamətində atılan əhəmiyyətli addımdır

Sumqayıt, 25 dekabr, AZƏRTAC

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə "Kənddən şəhərə" yarmarkaları Sumqayıt şəhərində, həmçinin Bakı şəhərinin əlavə 7 məntəqəsində fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Faiq Hüseynov deyib.

Onun sözlərinə görə, yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarının artırılması, həmçinin şəhər əhalisinin yerli, təbii kənd təsərrüfatı məhsullarının birbaşa çıxış imkanlarının genişləndirilməsidir.

“Əhalinin artan marağının və tələbatını nəzərə alaraq bu il "Kənddən şəhərə" yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Məhz bu məqsədlə olduğumuz Sumqayıt şəhərində, həmçinin Bakı şəhərinin 7 metrostansiyasının çıxışında yeni yarmakalar təşkil edillib. Xüsusi ilə qeyd etmək istəyirəm ki, dekabrın 27-dən etibarən ilk dəfə olaraq "Kənddən şəhərə" Yeni il yarmarkamız işğaldan azad edilmiş ərazilərimizdə Xankəndi şəhərində keçiriləcək. Bu xəbər bizim üçün qürurverici olmaqla yanaşı, həmçinin fermer zəhmətinə verilən qiymət və əhalinin məhsullarla rahat təminatı istiqamətində atılan əhəmiyyətli və simvolik bir addımdır. Yarmarkalar dekabrın 29-dək fəaliyyət göstərəcək”, - deyə Faiq Hüseynov qeyd edib.

F.Hüseynov vurğulayıb ki, yarmarkalarda iştirak etmək üçün fermerlərə bütün şərait yaradılıb, o cümlədən satış yerləri, lazımi avadanlıqlar tamamilə ödənişsiz təşkil edilib: “Təşkil etdiyimiz yarmarkalar həm əhalinin kənd təsərrüfatı məhsullarına əlçatanlığını artıracaq, həm də fermerlərimizin satış imkanlarının artırılmasına töhfə verəcək”.

Seçilən
54
1
azertag.az

2Mənbələr