AZ

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Pullarınız OĞURLANA BİLƏR!

Xəbər verdiyimiz kimi, son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları artıb.

Belə səhifələr əsasən Yeni il və digər bayram ərəfələrində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv olunur və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir. Daxili İşlər Nazirliyi vətəndaşların şübhəli elan və səhifələrə qarşı ehtiyatlı olmalı və bu kimi hallarla qarşılaşdıqda dərhal polisə müraciət etməli olduqlarını bildirib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan İT sahəsi üzrə ekspert, kibertəhlükəsizlik mütəxəssisi Elçin Həsənov bildirib ki, sosial şəbəkələrdə fəaliyyət göstərən saxta “onlayn mağazalar”ın sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.

Ekspert qeyd edib ki, bu halların başlıca səbəbi platformalarda identifikasiya və ticarət fəaliyyətinin tam şəffaf olmamasıdır.

Həsənov bildirib ki, belə səhifələr adətən qısa müddət ərzində yaradılır, aktivləşdirilir və məhsullar göstərilərək vətəndaşlardan ödəniş alınır, lakin sifariş tamamlanmamış səhifələr tezliklə deaktiv olunur.

Onun sözlərinə görə, vətəndaşların diqqətsizliyi, ödənişi əvvəlcədən etməsi və satıcının etibarlılığını yoxlamaması kiberdələduzluq hallarını artırır:  “Sosial şəbəkə platformalarının öz təhlükəsizlik mexanizmlərini gücləndirməsi, satıcıların identifikasiyası və ödəniş sistemlərinin rəsmi qaydalarla tənzimlənməsi bu halların qarşısını almaqda əsas rol oynayır.

Vətəndaşlar bank kartı və şəxsi məlumatlarını yalnız təhlükəsiz, rəsmi təsdiq olunmuş ödəniş sistemləri vasitəsilə paylaşmalı, şübhəli səhifələrdən alış-veriş etməməlidirlər.

Maarifləndirmə kampaniyaları və İT təhlükəsizliyi qaydalarına riayət, həm fərdi istifadəçilərin, həm də sosial şəbəkələrin təhlükəsizliyini təmin etmək üçün vacib tədbirlərdir”.

Ekspert qeyd edib ki, sosial şəbəkələrdə saxta “onlayn mağaza”ların fəaliyyəti və kiberdələduzluq halları həm istifadəçilərin diqqətsizliyi, həm də platformalarda identifikasiya və təhlükəsizlik mexanizmlərinin yetərsizliyi səbəbindən baş verir:

“Hüquqi və texniki tədbirlər, ödəniş sistemlərinin rəsmi qaydalarla tənzimlənməsi, habelə vətəndaşların maarifləndirilməsi bu halların qarşısının alınmasında əsas amillərdir”.

Seçilən
37
nocomment.az

1Mənbələr