Səhərlər sağlam və enerjili oyanmaq təkcə yuxu müddətindən deyil, gündəlik vərdişlərdən də asılıdır.
Redaktor.az xəbər verir ki, Braziliyanın “Metropoles” nəşrinə açıqlama verən Quali Ipanema xəstəxanasının terapevti Elpidio Franko bildirib ki, düzgün qurulmuş səhər rejimi ürək-damar sağlamlığını qorumağa və günə daha rahat başlamağa kömək edir.
Həkimin sözlərinə görə, sabit yuxu rejimi – yəni hər gün eyni saatda yatmaq və oyanmaq – arterial təzyiqi, ürək ritmini və stresslə bağlı hormonların ifrazını normada saxlayır. Rejimin pozulması isə ürək-damar sisteminə əlavə yük yarada və hipertoniya riskini artıra bilər.
Franko səhəri bir stəkan su ilə başlamağı tövsiyə edir. Bu, qan dövranını yaxşılaşdırır, böyrəklərin və bağırsaqların fəaliyyətini aktivləşdirir, orqanizmin yuxu vəziyyətindən tədricən çıxmasına kömək edir.
Mütəxəssis həmçinin balanslaşdırılmış səhər yeməyinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, ilk qida qəbulu gün ərzində enerji səviyyəsini və diqqəti qorumağa kömək edir. Səhər yeməyində yağsız zülallara (yoqurt, balıq, yumurta) və “yavaş” karbohidratlara (sıyıqlar, tam buğda çörəyi) üstünlük verilməlidir.
Günə qısa səhər gəzintisi ilə başlamaq da orqanizm üçün faydalıdır. Vaxt məhdud olduqda isə açıq pəncərə qarşısında bir neçə dəqiqə təmiz hava almaq belə müsbət təsir göstərə bilər.
Həkim səhər saatlarında smartfondan istifadəni minimuma endirməyi də tövsiyə edir. O bildirir ki, oyanan kimi xəbərlərə və sosial şəbəkələrə baxmaq beyni həddindən artıq stimullaşdırır və orqanizm tam ayılmadan əlavə gərginlik yaradır.
Mütəxəssislər qeyd edirlər ki, bu sadə vərdişlərə əməl etmək səhərlər özünü daha yaxşı hiss etməyə və uzunmüddətli sağlamlığı qorumağa kömək edə bilər.
Nuriyyə NATİQQIZI