AZ

Azərbaycan dünyəvi dəyərlər və vicdan azadlığı ölkəsidir

Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri ilə bağlı məsələlərin müzakirəsi məqsədilə “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirildi.

Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Özbəkistan Respublikası Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, eləcə də müxtəlif dini icmaların rəhbərləri çıxış etdilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, Azərbaycanda məscid, kilsə və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır və bu ibadətgahlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur.

Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qeyd etdi ki, insanların sanki bir böhrandan digərinə sürükləndiyi dövrdə İslam dünyasının gücü və təsir imkanları zəifləyib. Bu vəziyyət isə təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də mənəvi-əxlaqi sahədə ciddi boşluqların yaranmasına səbəb olub, nəticədə bəşəriyyət bütövlükdə böhranla üz-üzədir. Bu baxımdan İslam dinində haqq və ədalət anlayışı, fərqli dünyagörüşlərə tolerant münasibət böyük əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva söylədi ki, Heydər Əliyev Fondu bu sahədə mühüm rol oynayır. Eyni zamanda, dövlət qurumları, vətəndaş cəmiyyəti və dini icmalarla əməkdaşlıqda insan hüquqlarının, dini tolerantlıq və multikulturalizmin təbliği istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov vurğuladı ki, internet və süni intellekt vasitəsilə geniş informasiya imkanları yaransa da, bəzən bu mühitdə yayılan məlumatlar gənclərin və uşaqların tərbiyəsinə mənfi təsir göstərir, hətta radikalizmə yol açır. Bəzi ölkələr artıq sosial şəbəkələrdən istifadəni məhdudlaşdırır, müəyyən platformalara girişə qadağalar tətbiq olunur. Biz də öz məsuliyyətimizi dərk edərək birgə səy göstərməliyik.

Forumun rəsmi hissəsi başa çatdıqdan sonra məclis iştirakçılarından XQ-yə müsahibələr aldıq.

Aleksiy SMİRNOV, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu:

– Müasir cəmiyyətdə şəxsiyyət azadlığı bir sıra meyarlar vasitəsilə reallaşır ki, onlardan biri də dini etiqad azadlığıdır. Azərbaycanda dini tolerantlığın spesifikliyi bütün dini institutların və ideologiyaların birgəyaşayışında özünü göstərir.

Qeyd etmək lazımdır ki, müasir cəmiyyətdə ənənəvi dəyərlər yalnız qanunvericilik sahəsinə aid etmək olmaz. İnsan əsrlər boyu dini etiqadların təsiri altında inkişaf edib. Gənc nəslin şəxsiyyət kimi formalaşdırılması problemi də kəskin olaraq qalmaqdadır.

Hazırda təhsil sahəsi, əsasən, informasiya komponentini təmin edir, tərbiyə funksiyasını isə cəmiyyətin əsası olan ailə yerinə yetirir. İnformasiya texnologiyaları sosial şəbəkələr vasitəsilə gənclərə mənfi təsir göstərə bilər. Uşaq və gənclərdə həqiqi dəyərlər haqqında təsəvvürlərin formalaşdırılması ilə bütün cəmiyyət, o cümlədən dini institutlar məşğul olmalıdır. Bu baxımdan inanmaq istəyirik ki, ölkəmizin bütün dini institutlarının, Rus Pravoslav Kilsəsinin, eləcə də cəmiyyətin bütün sağlam qüvvələrinin birgə səyləri nəticəsində Azərbaycan bundan sonra da davamlı inkişaf edəcək.

Davronbek MAXSUDOV, Özbəkistan Respublikasının Dini İşlər Komitəsi sədrinin birinci müavini:

– Tarix boyu dinin həyatın bütün sahələrinə müdaxilə etməsini dəstəkləyən qüvvələr mövcud olub. Bəzən bu iki tərəf arasındakı münasibətlər o qədər gərginləşib ki, ölkələri çaşqınlıq və nadanlıq burulğanına sürükləyib.

Dövlət-din münasibətlərinin daha bir mühüm xüsusiyyəti isə dinin siyasiləşdirilməməsidir. Axı istənilən din, ilk növbədə, mənəvi-əxlaqi hadisədir. Heç bir din öz-özlüyündə xalqın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün aspektlərini əhatə etmək iddiasında olmur. İslamda sekulyarizm dinə yad anlayış kimi nəzərdən keçirilmir.

Hər bir dünyəvi dövlətdə olduğu kimi, Özbəkistanda da dinə münasibət müəyyən normativ-hüquqi aktlar və qanunlarla tənzimlənir. Xüsusilə, “Vicdan azadlığı və dini təşkilatlar haqqında” Qanun ölkəmizdə dini etiqad azadlığının və dini tolerantlığın möhkəmləndirilməsində əsas meyardır.

Qeyd etmək lazımdır ki, dini təşkilatların dövlətdən ayrılması dinin cəmiyyətdən ayrılması demək deyil.

Bu gün Özbəkistanda heç kim dini təşkilatların və ruhanilərin mənəvi baxımdan kamil nəslin yetişdirilməsində, milli dəyərlərin qorunmasında, xalqımızın həqiqi mənəvi simasını və missiyasını müəyyən edən keyfiyyətlərin formalaşdırılmasında, harmoniya, qarşılıqlı yardım, böyüklərə hörmət, Şərq mədəniyyəti kimi ali insani hisslərin fundamental mahiyyətinin dərk edilməsində rolunu və əhəmiyyətini inkar etmir. Əksinə, bu cür yaradıcı fəaliyyət hərtərəfli dəstəklənir.

Milix YEVDAYEV, Bakı Şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri:

– Azərbaycan dağ yəhudiləri respublikanın ictimai-siyasi həyatında hər zaman fəal iştirak ediblər. Bu fəallığın əsas səbəbi isə Azərbaycan xalqına son dərəcə yaxın olmağımızdır. Çünki artıq iki min ildən çoxdur ki, biz bu torpaqlarda yaşayır, ölkənin taleyini öz taleyimiz bilirik. Mətbəximiz, musiqimiz, müqəddəslərimiz birdir. Ağsaqqallarımız, ağbirçəklərimiz eyni dəyərləri üstün tuturlar. Övlada, Vətənə, xalqa sevgi, anaya hörmət – bütün bu anlayışlar bizim üçün müqəddəsdir.

Məhsəti Gəncəvinin dediyi kimi, “sudan ayrılınca candan ayrılar, eşqi balıqlardan öyrənmək gərək”. Bizi də bu torpaqdan ayıracaq heç bir qüvvə yoxdur.

Biz nəzəri yanaşmalardan fərqli olaraq, xalq arasında tolerantlığın və multikultural mühitin real şəkildə nə dərəcədə formalaşdığını açıq şəkildə müşahidə edirik. Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin harmoniyasını uğurla təmin etmiş nadir dövlətlərdəndir. Məhz bu harmoniya bu gün ölkənin tolerantlıq modelini qlobal miqyasda tanınan və öyrənilən bir nümunəyə çevirib. Bu modelin bariz təcəssümü isə müasir Azərbaycandır.

Hazırda ölkədə 40-a yaxın azsaylı xalq yaşayır. Bu xalqlar Konstitusiya ilə təsbit olunmuş hüquqlarından istifadə edərək dini inanclarını və mədəni dəyərlərini sərbəst şəkildə yaşadırlar. Biz yəhudilər də daxil olmaqla, onlar artıq əsrlərdir Azərbaycanda məskunlaşıblar.

Əgər bölünməyə əsas yoxdursa, deməli, ixtilaflar da yoxdur. Burada qardaşlıq, sülh, əmin-amanlıq var. Bunu həm Birinci, həm də İkinci Qarabağ müharibəsi açıq şəkildə sübut etdi. Birinci Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov igidliyi ilə xalqın nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Eyni mənzərə İkinci Qarabağ müharibəsi zamanı da yaşandı. Bu dəfə də azsaylı xalqlarının nümayəndələri Azərbaycan xalqının övladları ilə çiyin-çiyinə döyüşərək Vətən uğrunda canlarından keçdilər.

Bu dəyərlərin bariz göstəricisi olaraq, dövlətin tam dəstəyi ilə Qafqazda ilk dəfə Yəhudi dini-mədəni mərkəzi inşa edilir. Dörd mərtəbədən ibarət olan mərkəzin tikintisi artıq başa çatıb, hazırda son tamamlama işləri görülür. 2026-cı ildə rəsmi və təntənəli açılışı planlaşdırılır.

Robert MOBİLİ, Alban-Udi Xristian Dini İcmasının sədri:

– Azərbaycanda dini liderlər və icma rəhbərləri arasında daim qarşılıqlı dialoq və əməkdaşlıq olub. Bu, təsadüfi deyil. Çünki əsrlər boyu həmişə birlikdə yaşamışıq və bu birgəyaşayış mədəniyyəti bu gün də davam edir.

Bu gün katolik Qərb kilsəsinin də Milad bayramıdır. Axşam biz də ora gedəcək, katolik icmasının nümayəndələrini təbrik edəcəyik. Bu, tolerantlığın praktik təzahürüdür və xüsusi olaraq vurğulamaq lazımdır ki, bizi buna heç kim məcbur etmir. Bu, daxili mədəniyyətimizdən, tarixən formalaşmış birgəyaşayış ənənəmizdən irəli gəlir.

Azərbaycanda tarix boyu fərqli dini-mədəni icmalar sülh və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Məhz bu mövzu Prezident İlham Əliyevin çıxışlarında daim vurğulanır.

Dövlət başçısı Qarabağa səfərləri zamanı kilsələrdə, məscidlərdə, dağıdılmış dini məbədlərdə olarkən Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini dəfələrlə qeyd edib. Biz bu dəyərlərə yalnız sözlə deyil, əməli şəkildə də sadiqik. Necə ki, işğal dövründə İslam, Xristian, Alban mədəniyyətinə aid abidələr dağıdılmışdı və bu gün Azərbaycan dövləti xristian irsinə aid alban kilsələrinin bərpasını da eyni diqqət və həssaslıqla həyata keçirir. Hazırda həmin kilsələrdə bərpa və yenidənqurma işləri aparılır. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan üçün dini və mədəni irs hansı inanca məxsus olmasından asılı olmayaraq qorunan və yaşadılan ümumbəşəri dəyərdir.

Fidan ƏLİYEVA,
Ləhman TƏHMƏZ
XQ

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr