AZ

Danışıqlar dalana dirənib: Tehran Vaşinqton Təl Əviv üçbucağında gərginliyin dərin səbəbləri

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son həftələr İran ətrafında baş verən proseslər göstərir ki, regionda gərginlik təkcə xarici aktorlar arasında deyil, eyni zamanda Tehranın daxili siyasi müstəvisində də kəskinləşir.

İranın ABŞ ilə danışıqları dayandırması, İsrailin mümkün hərbi planları ilə bağlı məlumatlar və prezident Məsud Pezeşkianın İsraillə guya əməkdaşlıq etməsi iddiaları paralel şəkildə gündəmə gəlir. Bu hadisələr bir-birindən ayrı görünə bilər, lakin əslində eyni geosiyasi zəncirin həlqələridir. ABŞ-İran dialoqunun dalana dirənməsi İsrail faktorunu daha aktiv edir, bu isə Tehranda daxili siyasi mübarizəni gücləndirir. Bütün bunlar regionda yeni eskalasiya ehtimalını artırır və diplomatik manevr imkanlarını daraldır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva hesab edir ki, bu qərarın əsas səbəbi Tehranın Vaşinqtona olan etimadının ciddi şəkildə zəifləməsidir. Onun sözlərinə görə, İran tərəfi hesab edir ki, ABŞ danışıqlara bərabərhüquqlu proses kimi yox, təzyiq aləti kimi yanaşır. Təklif edilən şərtlərin birtərəfli olması bu fikri daha da gücləndirib.

Eyni zamanda İsrailin hərbi ritorikasının artması danışıqlar mühitini zəhərləyir. Politoloq görə, Tehran düşünür ki, ABŞ real kompromis istəsəydi, İsrailin bu cür davranışlarına daha sərt reaksiya verərdi. Nəticədə danışıqlar texniki mərhələdən çıxaraq siyasi etimad böhranına çevrilib.

“İsrail üçün ABŞ-İran yaxınlaşması strateji risk kimi qəbul olunur” deyən Z.Qarayeva bildirib ki, ona görə də Təl-Əviv gərginliyin davam etməsində maraqlıdır. Onun sözlərinə görə. İsrailin mümkün zərbələrdən danışması danışıqları faktiki olaraq dalana salır:

“Bu, Tehrana verilən açıq mesajdır ki, diplomatiya paralelində hərbi risk daim mövcuddur. Belə şəraitdə İran daxilində sərt xətt tərəfdarları mövqelərini gücləndirir. Nəticədə İsrail təkcə xarici deyil, İranın daxili siyasi balansına da təsir göstərmiş olur”.

Züriyə Qarayeva: ABŞ İranla razılığa gələ bilməsə, İsrail üzərindən təzyiqləri artırmaq yolunu seçə bilər

Pezeşkianla bağlı İsraillə əməkdaşlıq iddiaların da qiymətləndirən müsahibimiz qeyd edib ki, bu iddialar daha çox daxili siyasi mübarizənin məhsulu kimi görünür:

“İsraillə əməkdaşlıq ittihamı İranda ən ağır siyasi damğalardan biridir. Belə bir ittihamın sübutlar açıqlanmadan səsləndirilməsi onun siyasi məqsəd daşıdığını göstərir. Bu, prezidentin manevr imkanlarını məhdudlaşdırmaq cəhdidir. Eyni zamanda cəmiyyətin diqqətini xarici təhdiddən daxili “xəyanət” mövzusuna yönəltmək məqsədi də var. Bu tip iddialar sistem daxilində parçalanmanı daha da dərinləşdirir”.

Mövcud gərginliyin region üçün yaradacağı risklərə gəlincə, politoloq bildirib ki, əsas risk yeni hərbi eskalasiyadır. ABŞ İranla razılığa gələ bilməsə, İsrail üzərindən təzyiqləri artırmaq yolunu seçə bilər. Bu isə Yaxın Şərqdə nəzarətdən çıxan proseslərə səbəb ola bilər.

“Digər tərəfdən, diplomatiyanın tam sıradan çıxması enerji və təhlükəsizlik balansını pozur. İran daxilində siyasi qarşıdurma dərinləşdikcə rasional qərar vermək çətinləşir. Bütün bunlar göstərir ki, hazırkı vəziyyət müvəqqəti yox, sistemli böhranın əlamətləridir”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
bakivaxti.az

2Mənbələr