AZ

Dövlətlər hava məkanında uçan mülki təyyarələrin təhlükəsizliyinə məsuliyyət daşıyırlar

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bir ölkənin sərnişin təyyarəsinin digər bir ölkə ərazisində vurulması halları beynəlxalq hüquq sahəsində ciddi mövzu kimi qiymətləndirilir və bu cür hadisələr dövlətlərarası münasibətlərdə həm hüquqi, həm də siyasi nəticələr doğurur. Belə hadisələr mülki aviasiyanın təhlükəsizliyinə ciddi zərbə vurur və beynəlxalq hüquq normalarına əsasən qarşı tərəfin məsuliyyəti gündəmə gəlir. Beynəlxalq hüquqda bu kimi hallarda əsas hüquqi baza 1944-cü il Çikaqo Konvensiyası, Montreal Konvensiyası, BMT Nizamnaməsi və dövlətlərin beynəlxalq hüquq pozuntularına görə məsuliyyətini müəyyən edən digər beynəlxalq sənədlərdir". Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Çikaqo Konvensiyasının maddələrinə görə mülki təyyarəyə qarşı silah tətbiqi qadağan olunur və dövlətlər hava məkanında uçan mülki təyyarələrin təhlükəsizliyinə məsuliyyət daşıyırlar:"Montreal Konvensiyası isə sərnişinlərə və zərərçəkənlərə kompensasiya mexanizmlərini müəyyən edir.Hadisə baş verdikdə ilkin addım diplomatik kanallar vasitəsilə həyata keçirilir. Zərərçəkən dövlət qarşı tərəfə rəsmi diplomatik nota təqdim edir, məsuliyyətin tanınmasını, üzr istənilməsini və kompensasiya ödənilməsini tələb edir. Bu mərhələ beynəlxalq məhkəmə proseslərinin başlanması üçün vacibdir, çünki diplomatik yollarla razılığa gəlmək mümkün deyilsə, hüquqi prosedura keçmək üçün əsas yaradır.Bundan sonra məsələnin beynəlxalq aviasiya təşkilatlarına, xüsusən də ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təqdim olunması mümkündür. ICAO Şurası hadisəni texniki və hüquqi baxımdan qiymətləndirir, müvafiq hesabat hazırlayır və qarşı tərəfin məsuliyyətini təsdiqləyə bilər. Bu mərhələ məcburi olmasa da, sonrakı məhkəmə proseslərində sübut kimi əhəmiyyətli rol oynayır".Əli İbrahimov qeyd edir ki, əgər qarşı tərəf məsuliyyəti qəbul etmirsə və kompensasiya ödənilmirsə, dövlət Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ – Haaqa) müraciət edə bilər:"ICJ yalnız dövlətlər arasında mübahisələri həll edir və bu halda məqsəd dövlət məsuliyyətinin tanınması, maddi və mənəvi zərərin kompensasiyası və beynəlxalq hüquq pozuntusunun təsdiqidir. Fərdi zərərçəkənlər birbaşa ICJ-yə müraciət edə bilməzlər, bu hüquqi mexanizm yalnız dövlətlər üçün nəzərdə tutulub.Bəzi hallarda, məsələnin fərdi hüquq çərçivəsində də qiymətləndirilməsi mümkündür. Əgər zərərçəkənlər Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) üzvü olan dövlətin vətəndaşlarıdırsa və hadisə onların yaşamaq hüququnun pozuntusu kimi qiymətləndirilirsə, fərdlər AİHM-ə müraciət edə bilərlər. Burada məqsəd dövlətlərin məsuliyyətini sübut etmək və zərərçəkənlərə kompensasiya təmin etməkdir".Əli İbrahimov qeyd edib ki, belə hadisələr beynəlxalq hüququn çətin və çox mərhələli proseduruna tabedir:"İlk növbədə diplomatik kanallar vasitəsilə məsələ həll edilməli, sonra beynəlxalq təşkilatlarda və məhkəmə instansiyalarında hüquqi addımlar atılmalıdır. Beynəlxalq hüquq və məhkəmə prosedurlarının düzgün tətbiqi ilə dövlət məsuliyyətinin tanınması və zərərçəkənlər üçün kompensasiyanın təmin olunması mümkündür".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
newscenter.az

2Mənbələr