"Hər il yüzlərlə, minlərlə tələbəmiz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyurdu. Artıq Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsilini davam etdirə bilirlər".
Redaktor.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində çıxışı zamanı qeyd edib.
Bəhruz Əzimov uzun perspektivdə nə gözlədiklərini də qeyd edib:
“Uzun perspektivdə bizdən kredit almış, məzun olmuş tələbələrimizin əmək bazarında inteqrasiya olunması, peşəkar bir mütəxəssisə çevrilməsi gözləntimizdir. Burada nümunələr göstərə bilərik ki, hansısa bir həkim tələbəmiz artıq tibb elmində yeniliklər edəcək, hansısa bir əməliyyatı həyata keçirəcək. Hansısa bir mühəndisimiz sənayedə yenilik edəcək, hansısa bir mühəndisimiz ixtira edəcək. Müəllimlərimiz yüzlərlə, minlərlə şagird yetirəcək, olimpiada qalibləri yetişdirəcək və bu zaman artıq onlar öz çıxışlarında bu amiliqeyd edəcəklər ki: “Təhsil Tələbə Krediti, dövlət qayğısı sayəsində oxudum və bu gün cəmiyyətə faydalı bir şəxs kimi öz fəaliyyətimi göstərirəm”. Bu da bizim fəaliyyətimizi dəyərə çevirən amillərdən biri olacaq".
Aytəkin TOFİQQIZI