AZ

Azərbaycanın qlobal urbanizasiya gündəliyi: Zəfərdən WUF13 ə quruculuğun yeni rakursu

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 25 dekabr, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadənin Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən "Azərbaycanın qlobal urbanizasiya gündəliyi: Zəfərdən WUF13-ə quruculuğun yeni rakursu" sərlövhəli məqaləsini təqdim edirik.

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq təkcə enerji təhlükəsizliyinin qarantı və ya strateji logistik qovşaq kimi deyil, həm də bəşəriyyətin inkişaf trayektoriyasını müəyyən edən qlobal təşəbbüslərin intellektual mərkəzi kimi çıxış edir. Ölkəmizin beynəlxalq arenada artan nüfuzu və irimiqyaslı forumların keçirilməsində qazandığı yüksək təşkilatçılıq reputasiyası Azərbaycanın uğurlu ev sahibi imicini brendə çevirib. Hələ 2 il öncə - COP29 kimi tarixi Zirvə toplantısının Bakıda ən yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə dünyanı vahid məqsəd ətrafında birləşdirmək iqtidarındadır. Bu tarixi müvəffəqiyyət indi öz estafetini növbəti qlobal hədəfə – 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ötürür. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən sessiyasında qəbul edilmiş bu qərar Azərbaycanın davamlılıq və inklüzivlik prinsiplərinə sadiqliyinin qlobal səviyyədə təsdiqidir. COP29-un yaşıl və dayanıqlı gələcək naminə qoyduğu təməllər WUF13-ün innovativ urbanizasiya gündəliyi ilə üzvi şəkildə birləşərək, Azərbaycanın bəşəri dəyərlərə verdiyi töhfənin davamlılığını təmin edir. Bu qlobal dinamikanın məntiqi davamı olaraq, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin daxili inkişaf fəlsəfəsinin və strateji baxışının təzahürüdür.

Bu münasibətlə imzalanmış Sərəncam sadəcə təqvim ilini müəyyənləşdirmir, həm də milli memarlıq ənənələrimizin modern çağırışlarla vəhdətini təşkil edən siyasi iradənin ifadəsidir. Əcəmi Naxçıvaninin orta əsrlər memarlığında qoyduğu silinməz izlərdən başlayaraq, İçərişəhərin qədim divarlarından Bakının müasir futuristik mənzərəsinə qədər uzanan zəngin irsimiz bu gün yeni mərhələyə qədəm qoyur. Dövlət siyasətində ekoloji şəhərsalma və “yaşıl” arxitekturanın prioritetləşdirilməsi, milli naxışlarımızın modern mühəndislik həlləri ilə sintezi Azərbaycanın dünyaya təqdim etdiyi özünəməxsus estetik yanaşmadır. Bu çərçivədə, WUF13 təkcə regionun ən irimiqyaslı tədbiri olmaqla qalmayacaq, həm də dövlət rəsmilərinin, beynəlxalq ekspertlərin və özəl sektorun dialoq meydanına çevrilərək Bakını qlobal urbanizasiya mərkəzinə çevirəcək. Bu mənada, Barselona, Rio-de-Janeyro və Əbu-Dabi kimi şəhərlərin keçdiyi bu şərəfli yol Bakının timsalında yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq.

Birmənalı olaraq qeyd edilməlidir ki, WUF13-ün Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də ölkəmizin şəhərsalma sahəsindəki ən böyük və real uğuru olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz quruculuq işləridir. Otuz ilə yaxın müddətdə "vəhşi qəbilə" təfəkkürü ilə viran qoyulmuş torpaqlarda indi dünya memarlıq-inşaat təcrübəsində bənzəri olmayan sürət və keyfiyyətlə yeni həyat qurulur. Prezident İlham Əliyevin bu torpaqlara etdiyi hər bir səfər və son beş ildə keçirilən 569 rəsmi tədbir milli iradənin gücünü, “Böyük Qayıdış” Proqramı isə sıfırdan gələcəyin şəhərlərinin qurulduğunu göstərir. Dövlət başçısının birbaşa nəzarəti altında ötən 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə 240 min hektar ərazi minadan təmizlənib, 177 müxtəlif təyinatlı layihənin təməli qoyulub, 167 obyektin və infrastruktur layihəsinin açılışı gerçəkləşib. Dövlət büdcəsindən bərpa-quruculuq işlərinə indiyədək ayrılan 17,5 milyard manatdan çox vəsait və cari il üçün nəzərdə tutulmuş əlavə 4 milyard manatlıq maliyyə təminatı Azərbaycanın heç bir xarici yardım gözləmədən, öz daxili resursları hesabına yaratdığı iqtisadi intibahın ən böyük təminatıdır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan "Azərbaycan modeli" bölgənin ekosisteminin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulmasıdır. Zəngilanın Ağalı kəndindən başlayan bu Böyük Qayıdış fəlsəfəsi hazırda 62 mindən çox insanın öz doğma yurdunda yaşamasını və fəaliyyət göstərməsini təmin edib. İnfrastruktur layihələrinin miqyası isə heyrətamizdir: tikintisi nəzərdə tutulan 3501 kilometrlik müxtəlif uzunluğa malik avtomobil yolları, ötən dövrdə inşası tamamlanmış 3 beynəlxalq hava limanı, 28 tunel və 392 körpünün inşası bu bölgəni regionun ən müasir logistik mərkəzinə çevirir.

Enerji müstəqilliyi istiqamətində atılan addımlar – istismara verilən 38 su elektrik stansiyası və 14 elektrik yarımstansiyası bu ərazilərin həm də “yaşıl enerji” zonasına çevrildiyini təsdiqləyir. Sosial infrastruktur isə mütəmadi diqqət mərkəzindədir: istifadəyə verilən 19 ümumi təhsil müəssisəsi və Xankəndidə fəaliyyətə başlayan və gələcəyə inamın, böyük ümidlərin və Zəfərin rəmzi olan Qarabağ Universiteti bu torpaqlara həm də elmin və mədəniyyətin qayıtdığının bariz nümunəsidir.

Azərbaycanın təqdim etdiyi bu özünəməxsus təcrübə postkonflikt ərazilərinin bərpası üzrə qlobal presedentdir. Burada tarixi-mədəni irsin qorunması ilə ən müasir sənaye potensialının sintezi əsas istiqaməti təşkil edir. Ağdam Sənaye Parkında və “Araz Vadisi İqtisadi Zonası”nda yaradılan 1000-dən çox yeni iş yeri və 454 milyon manatlıq layihə portfeli bölgənin iqtisadi dirçəlişinin təməl sütunlarıdır. Digər tərəfdən, Şuşa şəhərinin timsalında Qarabağ və Şərqi Zəngəzurun tarixi simasının bərpası və müasir yaşayış komplekslərinin inşası Azərbaycanın mədəniyyət paytaxtını yenidən dünyanın ən gözəl şəhərləri sırasına qaytarır. Bu model insan mərkəzli şəhərsalmanın parlaq nümunəsidir ki, burada hər bir vətəndaşın rahatlığı, təhlükəsizliyi və rifahı dövlət siyasətinin əsasını təşkil edir.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, 2026-cı il həm Azərbaycan, həm də qlobal şəhərsalma ictimaiyyəti üçün yeni zirvə olacaq. WUF13-ün Bakıda keçirilməsi və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşacaq tədbirlər ölkəmizin təcrübəsini digər dövlətlər üçün əvəzolunmaz “yol xəritəsi” kimi təqdim edəcək. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən bu nəhəng quruculuq işləri sübut edir ki, Azərbaycan dövləti üçün əlçatmaz hədəf yoxdur. Şəhərsalma sadəcə bərpa-quruculuq işi deyil, bu, xalqımızın minillik varlığını daşlarda əbədiləşdirən, dağıdılmış ümidləri bərpa edən və gələcəyə inamla baxan yeni həyat fəlsəfəsinin qurulmasıdır. Heç şübhəsiz, Bakıdan dünyaya yayılacaq bu intibah sədası Azərbaycanın müasir sivilizasiyada tərəqqi və quruculuq rəmzi olduğunu bir daha bütün bəşəriyyətə bəyan edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

2Mənbələr