AZ

Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarları ziyarət olundu - FOTO

BAKI, 25 dekabr. TELEQRAF

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət edilib.

Teleqraf xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev, eləc də AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.

Pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova jurnalsitlərə bildirib ki, onun üçün bu bir il son dərəcə ağrılı keçib:

“Mən bu bir ilin ağrısını sözlə ifadə edə bilmərəm. Onun da arzuları var idi - ailə qurmaq, uşaqlarını böyütmək, işləmək… Amma həyat bir saniyədə yarımçıq qaldı”.

Pilot İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina bildirib ki, ailənin bir yerə yığışmaq adəti var:

"Axşamlar evdə birgə çay süfrəsi arxasında oturanda atam bizə uçuşlarından danışardı. Sonuncu uçuşdan bir gün əvvəl Qroznıya uçacağını bilirdi. Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki Yeni ili bizimlə qeyd etmək istəyirdi. Bu bayram onun ən sevimli bayramı idi. Amma təəssüf ki, gəlmədi..."

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
29
1
teleqraf.com

10Mənbələr