Hər səhifəsi fərqli təcrübədir...
Professor Tofiq Əbdülhəsənlinin doğum günüdür
Tanınmış professor, publisist, ədəbiyyatşünas alim Tofiq Əbdülhəsənli məqsədlərinə asanlıqla nail olmağa can atmayıb. Çətinlikləri zəhmətlə, inamla, inadkarlıqla və istedadı ilə aradan qaldırmaq qənaətində olub. İstər orta və ali məktəblərdə təhsil alanda, zavodda işləyəndə, istərsə də jurnalist, elmi-pedaqoji fəaliyyətlərində qarşılaşdığı çətinlikləri alın təri, yuxusuz gecələr hesabına aradan qaldırıb. Neçə-neçə uğura sonsuz sevgisi ilə imza atıb.
İstedadlı publisist, ədəbiyyatşünas alim, Azərbaycan Yazçılar Birliyinin (AYB) və Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı, Həsən bəy Zərdabi və “Qızıl qələm” mükafatları laureatı, professor Tofiq Əbdüləziz oğlu Əbdülhəsənli 1955-ci il dekabrın 30-da Neftçala rayonunun qədim yaşayış məskənlərindən olan Pirəbbə kəndində dünyaya göz açıb. Bu ayın 30-da professorun 70 yaşı tamam olacaq. Həyatının 70-ci ilinə qədəm qoymağa hazırlaşan alimlə uşaqlıq və gənclik illərindən, yaradıcılığında əldə etdiyi nailiyyətlərdən danışdıq.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Orta təhsilimi Pirəbbə kənd məktəbində almışam. Həvəslə oxuyurdum, zəhməti sevə-sevə böyümüşəm, ədəbiyyata, nəsrə, poeziyaya vurğun olmuşam. Çünki anam Xanımnaz xanımın səsi ilə birgə bəzən sakit, bəzən coşğun Kürün nəğməsi axıb beşiyimə. Sonra Xəlil Rza Ulutürk şeiri, ideyası, ruhu....
Çörəyini torpaqdan, daşdan çıxaran, əlinin qabarı, alnının təri ilə qazanan Pirəbbə ağsaqqallarından biri olan atam, zəhmətkeş, sözübütöv, xeyirxah Əbdüləziz kişi ilk həyat müəllimim olub. Bəlkə buna görə də heç vaxt şöhrətə, zirvəyə sarı tələsməmişəm. Neftçaladan Bakıya gələndən sonra universitetin filologiya fakültəsində oxuya-oxuya işləyirdim. Fəhlə həyatı da görmüşəm, əsgər həyatı da...
- Mətbuata nə zaman gəlmisiniz?
- 1980-ci illərin əvvəllərindən mətbuat sahəsində işləmişəm. Bir müddət Azərbaycan Respublikasının Televiziya və Radio Verlişləri Komitəsində “AzTV”də iqtisadi və ekoloji mövzularda verilişlər hazırlayıb, tələbə həyatına aid silsilə reportajların da müəllifi olmuşam.
1985-1990-cı illərdə “Gənclik” nəşriyyatının redaktoru işləmişəm. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı olan “Həyat” qəzetində şöbə müdiri, 1992-2002-ci illərdə Milli Məclisin orqanı -”Azərbaycan” qəzetində, 2003-cü ildən 2018-ci ilə qədər “Respublika” qəzetində şöbə müdiri vəzifələrində çalışmışam.
- Daha çox hansı mövzuları qələmə almısınız?
- Daha çox ölkə iqtisadiyyatı barədə silsilə məqalələr yazmışam, əsasən, publisitik analitik-iqtisadi məqalələr müəllifi olmuşam. Eyni zamanda istehsalatda çalışanda gözümlə gördüyüm və yaşadığım fəhlə əməyi, fəhlə şərəfi barədə çoxlu oçerklər, reportajlar yazırdım. Qəzetlərdə məqalələr çap etdirib, radioda, televiziyada silsilə verilişlər səsləndirirdim. Beləliklə, jurnalist ömrü yaşamağa başladım. “Gənclik” nəşriyyatında uzun illər redaktor işləmişəm, onlarla kitabım ərsəyə gəlib.
Nəşriyyatdakı işimdən sonra tale elə gətirdi ki, ölkənin aparıcı qəzetlərinin iqtisadiyyat şöbələrinə rəhbərlik etdim. İqtisadiyyat - hər gün rəqəmlər, icmallar, təhlillər... Həmin illərdə mənimlə çiyin-çiyinə çalışan həmkarlarım söyləyirlər ki, bir də görürdün iqtisadi problemlərə aid yazıların içərisindən baş qaldırıb Füzulinin, Cavidin, Xəlil Rza Ulutürkün misralarını əzbərdən deyirəm. Zəhmətimin bəhrəsi olan “İstiqlal işığında”, “Vətəndaş yanğısı” kitablarım nəşr olunub. Hələ qovluqlarda neçə-neçə kitaba yerləşəcək məqalələrim var. Ədəbi, ekoloji, iqtisadi mövzularda...
- Bir az da tələbələrinizlə münasibətinizdən danışardınız...
- Neçə illərdir mənim ömür qatarımın sərnişinləri arasında tələbələrim də var. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan dili kafedrasının müdiriyəm. Hörmətli rektorumuz, professor Ədalət Muradovun rəhbərliyi ilə bu universitet Azərbaycanın və dünyanın ən nüfuzlu, ən qabaqcıl təhsil ocağına çevrilib. Burada işləməklə qürur duyuram. Çalışıram ki, bir müəllim olaraq da etimadı doğruldam. Çünki müəllim adının məsuliyyəti böyükdür. Ulu Öndərimiz Heydər Əliyevin: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözləri harada işləməsindən asılı olmayaraq, hər bir müəllimin boynuna böyük məsuliyyət yükü qoyur. Mən bu sözləri cəmiyyətə bir mesaj kimi də qəbul edirəm. Belə ki, müəllim hər yerdə sayılıb-seçilən insan olmalıdır və bu hörməti, nüfuzu təbii ki, ilk növbədə özü qazanmalıdır.
Tələbələrimə qayğı ilə yanaşıram. Onlar da mənə hörmət bəsləyirlər. Zəngin dilimiz, onun ifadə imkanlarının genişliyi və bu kimi mövzularda dərslərimiz həmişə marağa, müzakirə və diskusiyalara çevrilir.
- Ömrü bir qatara bənzətdiniz. Qatar gedirsə, deməli, onun müəyyən dayanacaqları da olur...
- Bəli. Mənim üçün həmin dayanacaqlar həyatımın önəmli hadisələrinin baş verdiyi günlərdir. “İqtisadiyyat da poeziyadır”, “Cəmiyyətin iqtisadi təkamül mərhələsi: ədəbi proses və söz yaradıcılığı”, “İşgüzar yazışmalar”, “İşgüzar Azərbaycan dili”, “Poetik sözün vüsəti”, “Vətəndaş yanğısı”, “Dilimiz-varlığımız” “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan dili və nitq mədəniyyəti” və digər dərsliklərin, publisistik və elmi kitablarımın dərc olunduğu tarixlərdir.
Prezidentimiz İlham Əliyevin sərəncamları ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşəm. Bu uzun illər ərzində rəsmi dövlət qəzetlərində mətbuat işcisi kimi mənim əməyimə Prezident tərəfindən verilən çox böyük bir qiymətdir. UNEC-in 90 illik yubileyində təhsildə qazandığım uğurlar, “Tərəqqi” medalı ilə təltif olunduğum günlər də növbəti dayanacaqlar idi. Cənab Prezidentimizə təltif olunmağımla bağlı verdiyi sərəncamlara görə bir daha minnətdarlığımı bildirirəm.
“Yeni Azərbaycan” kollektivi olaraq Tofiq müəllimi 70 yaşı münasibətilə təbrik edir, işlərində uğurlar diləyirik!
Söhbətləşdi: Yeganə BAYRAMOVA