AZ

DİN bayram ərəfəsində kiberdələduzluqla bağlı vətəndaşlara çağırış edib

DİN
"Bayram günləri ərəfəsində kiberdələduzluq hallarının artması müşahidə olunur". 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev özünün “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, son günlər sosial şəbəkələrdə “onlayn mağaza” adı altında fəaliyyət göstərən bəzi səhifələr “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini mənimsəyirlər. Elşad Hacıyev vətəndaşlara müraciət edərək kiberdələduzluq hallarına qarşı daha diqqətli olmağa çağırıb və bir sıra tövsiyələr verib. Belə ki, tanımadıqları, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməmək, məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığına əmin olmadan bank kartlarına əvvəlcədən pul köçürməmək tövsiyə olunur. DİN rəsmisi həmçinin şəxsi məlumatların, bank kartı rekvizitlərinin, kartın üzərindəki CVV/CVC kodunun və birdəfəlik təsdiq şifrələrinin üçüncü şəxslərlə paylaşılmasının yolverilməz olduğunu qeyd edib.

Paylaşımda vurğulanıb ki, alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edilməlidir.

Seçilən
42
1news.az

1Mənbələr