AZ

Müasir Azərbaycanın inkişaf və güc strategiyası

"Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik".

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan Azərbaycan dövlətinin möhkəmlənməsi Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və strateji siyasətlə bağlıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzunmüddətli inkişaf kursunu əzmlə davam etdirərək Azərbaycana böyük nailiyyətlər qazandıran cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız ən mühüm milli hədəflərinə çatmış, ölkəmizdə daxili sabitliyin təmin edilməsi ilə yanaşı, sosial rifahın yüksəldilməsi, regional və qlobal miqyasda mövqelərin gücləndirilməsi istiqamətində misilsiz uğurlar əldə olunmuşdur. Azərbaycan Prezidentinin fəaliyyəti milli maraqlara söykənən, uzunmüddətli inkişafı hədəfləyən kompleks dövlət idarəçiliyi modeli kimi səciyyələnir və bu model artıq müasir dünyamızın bir çox dövlət rəhbəri üçün mükəmməl nümunəyə çevrilib.

Öncə xüsusi olaraq vurğulanmalıdır ki, dövlətimizin başçısı müasir dünyamızdakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar Prezident İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyin qorunub saxlanması naminə nümayiş etdirdiyi prinsipiallıq, köklü islahatların həyata keçirilməsindən ötrü ortaya qoyduğu qətiyyət, ölkəmizə qarşı yönələn xarici təzyiqlərə münasibətdə əzmkar mövqe, qlobal təşəbbüslərin irəli sürülməsi və icrasında milli maraqlarımızla bağlı göstərdiyi iradə və təmkin cənab İlham Əliyevin öz çevik və optimal qərarları ilə istənilən çətin situasiyadan ölkəni böyük hünərlə çıxara bilmək bacarığını göstərir. Ötən il Prezident İlham Əliyevin Milli Məclisdəki andiçmə mərasimi milli dövlətçilik ənənələrimizin əlamətdar anlarından biri kimi tarixə yazıldı. Ölkə rəhbərinin çıxışı Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsini canlandırdı, əsas hədəflərini də diqqətə çatdırdı. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli müşkül görünən problemləri uğurla yoluna qoymuş şəkildə, habelə əvvəlki dövrlərin zəngin təcrübəsi ilə daha da güclənmiş halda, milli qürurunu, ləyaqətini bərpa etmiş tərzdə daxil oldu. "Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub" deyən Azərbaycan Prezidenti buna böyük əminliyini ifadə etdi: "Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan bayrağı ərazimizin hər bir yerində dalğalanacaq".

Nüfuzu, özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Çünki ölkəmizin rəhbəri hər zaman xalqının yanındadır. Dürüst olanı dilə gətirir, doğru qərarlar verir və başqalarına da yolun ən düzünü göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçımızın baxışlarına böyük önəm verir, onunla ciddi məsələlərdə müzakirələr, məsləhətləşmələr aparırlar.

Milli maraqlara söykənən balans və prinsipiallıq

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət müasir beynəlxalq münasibətlər sistemində milli maraqların qətiyyətlə qorunması və praqmatik diplomatiyanın uğurlu sintezidir. Bu siyasət Azərbaycanın müstəqil dövlət kimi mövqelərini möhkəmləndirməklə yanaşı, ölkəni regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanıdır.

Dövlət rəhbərimizin xarici siyasət kursunun əsasını suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa hörmət prinsipləri təşkil edir. Xüsusilə tarixi Zəfərimizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra yaranmış yeni reallıqlar Azərbaycanın mövqeyini daha da gücləndirib, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırıb.

Azərbaycanın xarici siyasətində balanslaşdırılmış münasibətlər xüsusi yer tutur. Prezident İlham Əliyev dünya gücləri və qonşu dövlətlərlə münasibətlərdə tərəflərdən birinə qarşı yönəlməyən, qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür. Həm qonşularla, həm də dünyanın böyük dövlətləri, aparıcı institutları ilə paralel şəkildə inkişaf etdirilən əlaqələr Azərbaycanın çoxşaxəli diplomatiyasının bariz nümunəsidir.

Dövlətimizin başçısının böyük məharətlə yürütdüyü enerji diplomatiyası ölkəmizin xarici siyasətinin mühüm dayaqlarından biridir. "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi strateji layihələr Azərbaycanı Avrasiyanın enerji xəritəsində əsas aktora çevirib. Eyni zamanda "yaşıl enerji" sahəsində beynəlxalq tərəfdaşlıqlar ölkənin gələcək xarici siyasət prioritetlərini formalaşdırır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz çoxtərəfli diplomatiya platformalarında da fəal iştirak edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakı qlobal ədalət, suverenlik və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində prinsipial mövqe nümayiş etdirdi və bu fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. 

Ölkəmiz Türk Dövlətləri Təşkilatının sədri kimi bu qurumun da inkişafında qlobal güc mərkəzinə çevrilərək beynəlxalq siyasi-iqtisadi proseslərə təsir imkanlarının artırılmasında mühüm rol oynayır. 

Azərbaycanın iqtisadi tərəfdaş seçimi prosesində müstəqil qərar qəbul etməsi üzvü olduğu daha bir qurumla münasibətlər kontekstində xüsusi maraq kəsb edir. Söhbət islam dünyasının ən proqressiv iqtisadi platformalarından biri olan D-8-dən gedir. İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Qahirədə keçirilən 

XI Sammitində Azərbaycanın yekdilliklə quruma üzv seçilməsi müstəqillik tariximizdə beynəlxalq diplomatik uğurlarımızın sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yaddaşlarda qalacaq. Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli və effektiv xarici siyasətinin məntiqi nəticəsi olmaqla bərabər, həm də dövlətimizin çoxtərəfli diplomatiyasının daha bir uğurudur. Azərbaycan müsəlman dövlətləri və islam aləmini təmsil edən beynəlxalq platformalarla sıx təmasdadır. İslam dünyasının nüfuzlu qurumu olan D-8-ə üzvlük həmrəylik, təəssübkeşlik və qarşılıqlı maraqların təmin olunması prinsiplərinə əsaslanan işgüzar əməkdaşlığın göstəricisidir.

Dövlətimizin başçısı hesab edir ki, Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Əgər İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsək, görərik ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı müsbət fikirlər söyləmiş, ölkəmizə həmişə dəstək vermişdir: "Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk... Yəni bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır", - Azərbaycan Prezidenti müsahibəsində xüsusi vurğulamışdır.

Humanitar və mədəni diplomatiya da cənab İlham Əliyevin apardığı xarici siyasətin ayrılmaz hissəsidir. Multikulturalizm, dinlərarası dialoq və beynəlxalq humanitar forumlar Azərbaycanın "yumşaq güc" potensialını gücləndirərək ölkənin dünyaya açıq və etibarlı tərəfdaş imicini möhkəmləndirir. Bu siyasətin uğurlarında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu da müstəsnadır.   

Prezident İlham Əliyevin xarici siyasəti dəyişən qlobal şərtlərə çevik uyğunlaşan, lakin əsas prinsiplərindən geri çəkilməyən strateji xətdir. Bu siyasət Azərbaycanı beynəlxalq proseslərin passiv iştirakçısından fəal və təşəbbüskar aktora çevirərək ölkənin uzunmüddətli təhlükəsizliyinə və inkişafına xidmət edir.

Müasir dünyanın çağırışları, əməkdaşlıq vəyeni geosiyasi reallıqlar

Azərbaycan Prezidentinin həyata keçirdiyi regional siyasət son illər Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında yeni siyasi və iqtisadi reallıqlar formalaşdırıb. Bu siyasətin əsas mahiyyəti milli maraqlara söykənən, eyni zamanda regional sabitlik və əməkdaşlığı təşviq edən balanslı yanaşmadan ibarətdir.

Azərbaycan qalib dövlət olaraq bu gün regionda sülhün də əsas təşəbbüskarı kimi çıxış edir və öz niyyətinə addım-addım nail olur. Artıq Ermənistanla dayanıqlı sülhün əldə edilməsi, bununla da regionumuzun gələcək təhlükəsizliyi üçün son əsrlərin ən böyük təhdidlərindən birinin tam aradan qalxması çox realdır. 

Ölkəmiz bu gün Cənubi Qafqazda nəqliyyat və enerji qovşağı kimi çıxış edir. "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır, region dövlətlərini qarşıdurmaya deyil, əməkdaşlığa cəlb edən real platformalar yaradır. Zəngəzur dəhlizi (TRIPP) təşəbbüsü də məhz bu baxımdan yalnız Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına xidmət edən layihə kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin regional siyasətində enerji diplomatiyası xüsusi yer tutur. "Cənub qaz dəhlizi", TANAP və TAP layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş statusunu möhkəmləndirib. Eyni zamanda "yaşıl enerji" istiqamətində atılan addımlar - Xəzər dənizinin külək potensialı, bərpaolunan enerji üzrə beynəlxalq əməkdaşlıq - Azərbaycanın regional gündəliyini gələcəyə yönəldir.

Diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin regionda vasitəçilərə ehtiyac olmayan dialoq modelini təşviq etməsidir. Rəsmi Bakı dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qərarlıdır ki, Cənubi Qafqaz ölkələri problemlərini kənar müdaxilə olmadan, birbaşa danışıqlar yolu ilə həll etməlidir. Bu yanaşma Azərbaycanın özünəinamının və regional liderlik rolunun göstəricisidir.

Prezident İlham Əliyevin apardığı regional siyasət gücə deyil, güc və diplomatiyanın vəhdətinə söykənən, praqmatik və uzaqgörən siyasətdir. Bu siyasət Azərbaycanın mövqelərini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün real zəmin yaradır. Bugünkü regional mənzərədə ölkəmiz artıq proseslərin obyektinə yox, gündəliyi müəyyən edən subyektə çevrilib.

Düşünülmüş siyasət, islahatlar və inkişaf xətti

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət də böyük nailiyyətlərlə müşayiət olunur və ölkədə siyasi sabitliyin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, institusional islahatların dərinləşdirilməsi ilə səciyyələnir. Bu siyasət dövlət idarəçiliyində effektivliyi artırmaqla yanaşı, vətəndaş mərkəzli yanaşmanı əsas prinsip kimi önə çıxarır. 

Dövlətimizin başçısının daxili siyasət kursunun əsasında güclü dövlət - rifahlı cəmiyyət modeli dayanır. Məhz bu yanaşma nəticəsində iqtisadi artım sosial proqramlarla paralel şəkildə aparılır, əldə olunan resurslar insan kapitalının inkişafına yönəldilir. Son illərdə minimum əməkhaqqının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin genişləndirilməsi əhalinin həssas təbəqələrinin müdafiəsini gücləndirib.

Daxili siyasətin mühüm istiqamətlərindən biri idarəetmə və kadr islahatlarıdır. Prezident İlham Əliyev dövlət idarəçiliyində çevikliyin, peşəkarlığın artırılması məqsədilə gənc, müasir düşüncəli kadrları irəli çəkir. Struktur islahatları, elektron xidmətlərin genişləndirilməsi və digər effektiv şəffaflıq mexanizmləri vətəndaş-dövlət münasibətlərində yeni keyfiyyət mərhələsi yaradıb.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi Prezidentin daxili siyasətində xüsusi yer tutur. Qeyri-neft sektorunun inkişafı, sənaye parkları və aqroparkların yaradılması, regionların sosial-iqtisadi inkişaf proqramları ölkə daxilində tarazlı inkişafı təmin edir. Regionlarda infrastruktur layihələrinin icrası iş yerlərinin açılmasına, əhalinin məşğulluğuna və sosial rifahının yüksəlməsinə xidmət edir.

Bu gün daxili siyasətin əsas prioritetlərindən biri də işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu istiqamətdə aparılan ardıcıl və planlı işlər sayəsində Qarabağ və Şərqi Zəngəzur müasir inkişaf modelinə uyğun şəkildə yenidən qurulur. "Böyük qayıdış" proqramı ardıcıl olaraq həyata keçirilir, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. 

Prezident İlham Əliyevin daxili siyasətində ictimai həmrəylik və milli birlik xüsusi əhəmiyyət daşıyır. Multikulturalizm və tolerantlıq dəyərlərinin qorunması, milli-mənəvi irsin təbliği cəmiyyətdə sabitliyin sosial əsaslarını möhkəmləndirir. Dövlətin milli ideologiyası müasirliklə ənənənin uzlaşdırılmasına söykənir. Bu gün aparılan daxili siyasət də qısamüddətli qərarlara deyil, uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Bu siyasət Azərbaycanı regional miqyasda güclü dövlətə çevirməklə yanaşı, ölkə daxilində sosial sabitlik, davamlı iqtisadi inkişaf və vətəndaş rifahının təmin olunmasına xidmət edir.

Vətəndaş rifahına yönəlmiş dövlət xətti

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi imkanları genişləndikcə bu imkanlar vətəndaşın sosial rifahına yönəldilir. Cənab İlham Əliyev bu gün Azərbaycan nümunəsində dünyanın ən mükəmməl sosial rifah dövlətlərindən birini qurur. Ölkə rəhbərimizin həyata keçirdiyi sosial siyasət Azərbaycanda aparılan ümumi inkişaf strategiyasının əsas tərkib hissəsidir. Bu siyasətin başlıca məqsədi iqtisadi artımın nəticələrini birbaşa vətəndaşların rifahına yönəltməklə yanaşı, eyni zamanda sosial ədaləti və cəmiyyətin dayanıqlı inkişafını təmin etməkdir.

Prezident İlham Əliyevin sosial siyasət konsepsiyasının mərkəzində insan amili durur. Son illərdə əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin dəfələrlə artırılması dövlətin sosial öhdəliklərinə sadiqliyinin göstəricisidir. Xüsusilə aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulan sosial paketlər əhalinin həssas təbəqələrinin müdafiəsini xeyli gücləndirib.

Sosial siyasətin mühüm istiqamətlərindən biri məşğulluğun artırılması və layiqli əmək şəraitinin yaradılmasıdır. Özünüməşğulluq proqramları, peşə hazırlığı layihələri və kiçik sahibkarlığın dəstəklənməsi minlərlə vətəndaşın daimi gəlir mənbəyi əldə etməsinə imkan yaradıb. Bu yanaşma sosial yardımı passiv asılılıqdan aktiv məşğulluğa keçid modeli kimi xarakterizə edir.

Prezident İlham Əliyevin sosial siyasətində təhsil və səhiyyə sahələri xüsusi yer tutur. Yeni məktəblərin və tibb müəssisələrinin tikintisi, mövcud infrastrukturun yenilənməsi, müəllim və həkimlərin sosial müdafiəsinin gücləndirilməsi insan kapitalının inkişafına xidmət edir. Dövlət proqramları çərçivəsində regionlarda bu xidmətlərin əlçatanlığının artırılması sosial bərabərliyin təmin olunmasına yönəlib.

Vətən müharibəsindən sonra formalaşan sosial gündəlikdə şəhid ailələri və qazilərin sosial təminatı ən mühüm prioritetlərdən biri kimi ön plana çıxıb. Mənzil və avtomobillə təminat, tibbi-reabilitasiya xidmətləri, məşğulluq imkanlarının genişləndirilməsi bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısının real ifadəsidir.

Regionların sosial-iqtisadi inkişafı da Prezidentin sosial siyasətinin əsas sütunlarından biridir. İnfrastruktur layihələri, yol, su, qaz və elektrik təminatının yaxşılaşdırılması regionlarda yaşayış keyfiyyətini yüksəldir, paytaxtla bölgələr arasında sosial fərqlərin azalmasına şərait yaradır.

Prezident İlham Əliyevin apardığı sosial siyasət dayanıqlı, ünvanlı və sosial ədalətə əsaslanan dövlət modelini formalaşdırır. Bu siyasət yalnız bugünkü problemlərin həllinə deyil, gələcək üçün güclü sosial baza yaradılmasına xidmət edərək Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm dayağı kimi çıxış edir.

Nəticə etibarilə Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın güclü, müstəqil və perspektivli dövlət kimi formalaşmasını təmin edən əsas amillərdən biridir. Daxili sabitlik, sosial ədalət, iqtisadi inkişaf, eləcə də tarazlı və prinsipial xarici siyasət bir-birini tamamlayan vahid strateji xətt təşkil edir. Bu xətt Azərbaycanın yalnız bugünkü çağırışlara cavab verməsinə deyil, həm də gələcək nəsillər üçün dayanıqlı inkişaf təməli yaratmasına xidmət edir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlara söykənən, qlobal proseslərdə fəal mövqe tutan, vətəndaş rifahını əsas prioritet kimi müəyyən edən dövlət modeli ilə inkişaf yolunu inamla davam etdirir. Əsas niyyət, əsas məqsəd Cənubi Qafqazı sülh, əməkdaşlıq, davamlı inkişaf məkanına çevirməkdir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr