AZ

Kəlbəcərdə iki nəfərin öldüyü qəza ilə bağlı qərar - Yük maşının əyləci işləməyib

BAKI, 25 dekabr. TELEQRAF

Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində yük avtomobilinin dərəyə aşması nəticəsində iki nəfərin ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Teleqraf xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı yük avtomobilində olan 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov hadisə yerində həyatını itirib. Avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Elçin Nadirov isə ağır xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən Elçin Nadirov barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, sürücü işləyir və hadisə günü Kəlbəcər rayonuna yük aparıb. Yol zamanı avtomobildə texniki nasazlıq yarandığını rəhbərliyə bildirdiyini, lakin avtomobilin tam təmir olunmadığını deyib. Onun sözlərinə görə, rəhbərlik ona yükü boşaldıb geri qayıtmağı tapşırıb.

Elçin Nadirov ifadəsində qeyd edib ki, geri qayıdarkən iki nəfər ondan onları da aparmasını xahiş edib. Əvvəlcə razılaşmasa da, isrardan sonra onları avtomobilə mindirib. Körpüyə yaxınlaşarkən əyləci basdığını, lakin əyləcin işləmədiyini bildirib. Sürücü dəfələrlə avtomobilin texniki vəziyyəti ilə bağlı rəhbərliyə məlumat verdiyini, lakin ona səbr etməsinin deyildiyini vurğulayıb.

Hadisə nəticəsində özü də xəsarət aldığını və 21 gün xəstəxanada müalicə olunduğunu bildirən Elçin Nadirov himayəsində azyaşlı övladlarının olduğunu nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmədə dindirilən zərərçəkmiş şəxslərin hüquqi varisləri mərhumların hadisədən bir gün sonra evə qayıtmaq niyyətində olduqlarını, lakin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduqlarını bildiriblər. Onlardan biri təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edib, digəri isə onun cəzalandırılmasını istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Nadirov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, o, üç il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
26
teleqraf.com

1Mənbələr