AZ

Əlcəzair parlamenti Fransanın müstəmləkəçiliyini cinayət kimi tanıyan qanunu qəbul edib

Paris, 25 dekabr, AZƏRTAC

Əlcəzairin Xalq Milli Assambleyası dekabrın 24-də Fransanın Əlcəzairdəki müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.

AZƏRTAC xəbər verir ki, təxminən 30 maddədən ibarət olan sənəd plenar iclasda bütün deputatların iştirakı ilə səsə qoyulub və tam razılıqla təsdiqlənib.

Qanun layihəsi beynəlxalq hüququn prinsiplərinə və Əlcəzair Konstitusiyasına əsaslanır. Sənəd xalqların öz müqəddəratını təyinetmə hüququnu, tarixi ədalətin bərpasını və müstəmləkə cinayətlərinin cəzasız qalmamasını ön plana çəkir. Layihə 1830-cu il iyunun 14-dən 1962-ci il iyulun 5-dək Fransanın Əlcəzairdə həyata keçirdiyi müstəmləkə siyasətini, eləcə də onun birbaşa və dolayı nəticələrini cinayət kimi qiymətləndirir.

Müzakirələrdən sonra sənədə bir sıra dəyişikliklər edilib. Müstəmləkə cinayətləri sırasına dövlətə qarşı təcavüz, mülki əhalinin qətli, işgəncə, qadağan olunmuş silahlardan istifadə və yerli əhaliyə qarşı ayrı-seçkilik xarakterli qanunlar da daxil edilib.

Qanunda qeyd olunur ki, “Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi insanı, siyasi, iqtisadi və mədəni dəyərləri pozan dövlət cinayətidir”. Eyni zamanda, Əlcəzair dövlətinin bu dövrə aid tarixi faktların üzə çıxarılması və yayılması üçün çalışacağı vurğulanır.

Sənəd Fransanın müstəmləkə dövründə törətdiyi 27 cinayət növünü sadalayır. Bunlara mülki əhaliyə qarşı hərbi hücumlar, həddindən artıq güc tətbiqi, beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə, minaların basdırılması, nüvə sınaqları, məhkəməsiz edamlar, dövlət sərvətlərinin talanı və fiziki-psixoloji işgəncələr daxildir.

Qeyd edək ki, müstəmləkəçiliyin qanunla cinayət kimi tanınması ideyası Əlcəzairdə ilk dəfə 1984-cü ildə ortaya çıxsa da, uzun illər müxtəlif maneələrlə üzləşib. Sonrakı illərdə – 2001, 2005, 2006, 2017, 2020 və 2021-ci illərdə də oxşar təşəbbüslər irəli sürülüb.

Bu qanunun qəbulu Əlcəzair və Fransa arasında 2024-cü ilin yayından bəri davam edən diplomatik böhran fonunda baş verir. Tarixi müstəmləkə irsi iki ölkə arasında münasibətləri uzun illərdir gərgin saxlayır. Əlcəzair rəsmi Parisdən müstəmləkə dövründə törədilmiş cinayətlərin tanınmasını tələb etsə də, Fransa bu çağırışlara indiyədək müsbət cavab verməyib.

Seçilən
75
2
azertag.az

3Mənbələr