ABŞ-ın Cənubi Qafqazda diplomatik fəallığının artacağına dair siqnallar güclənir. Erməni ekspert Suren Sərkisyanın yazdığına görə, gələn ilin əvvəlində Ermənistana ABŞ-ın yüksək vəzifəli nümayəndəsinin səfəri gözlənilir. Bu səfər çərçivəsində son aylarda Vaşinqtonun regional diplomatiyasında əsas mövzulardan birinə çevrilən “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) rəsmi açılışı istisna edilmir.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Suren Sərkisyanın sözlərinə görə, artıq fevral ayında İrəvana yüksək statuslu amerikalı rəsminin səfəri planlaşdırılır. Ekspert bu kontekstdə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kviyenin geri çağırılması ilə bağlı məlumatlara da diqqət çəkir. Onun sözlərinə görə, bürokratik prosedurları nəzərə alsaq, qısa müddətdə yeni səfirin təyin olunması real görünmür və səfər zamanı diplomatik missiyaya müvəqqəti işlər vəkilinin rəhbərlik etməsi ehtimalı daha yüksəkdir.
Sərkisyan xatırladır ki, Ermənistan-ABŞ münasibətləri tarixində İrəvana səfər edən ən yüksək vəzifəli amerikalı rəsmilər Nümayəndələr Palatasının spikeri və ABŞ dövlət katibi olub. ABŞ siyasi dairələri ilə sabit əlaqələri olan ekspertin əvvəllər səsləndirdiyi bir sıra məlumatların sonradan təsdiqlənməsi onun bu dəfəki dəyərləndirmələrini də diqqətəlayiq edir.
Məlumata görə, hazırda ABŞ həm Ermənistan, həm də Azərbaycanla “Tramp marşrutu”nun detalları üzrə intensiv ikitərəfli məsləhətləşmələr aparır. Bu fəallığın əlavə təsdiqi kimi, yaxın vaxtlarda Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi müzakirələrdə Ermənistan və Azərbaycanın ABŞ-dakı səfirləri, Narek Mkrtçyan və Xəzər İbrahim də iştirak ediblər. “Trampın yolları” (TRIPP) layihəsinə həsr olunan dəyirmi masada Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan diplomatlar da yer alıblar. Müzakirələr TRIPP layihəsinin Orta Dəhliz boyunca infrastrukturun inkişafına, regional bağlılığın güclənməsinə və ABŞ-ın iqtisadi mövcudluğunun möhkəmlənməsinə necə töhfə verəcəyi üzərində cəmlənib.
Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaya əsasən, “Tramp marşrutu”nun idarəçiliyinin ABŞ-ın özəl şirkətlərinə verilməsi planlaşdırılır. Söhbət 49 və ya 99 il müddətinə olan uzunmüddətli müqavilədən gedir. Bu da Vaşinqtonun regionda institusional və strateji mövcudluq niyyətini açıq şəkildə göstərir.
Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi mexanizmləri, 43 kilometrlik dəmir yolu xəttinə investisiyalar, təhlükəsizlik və digər texniki məsələlər razılaşdırıldıqdan sonra yekun sazişin imzalanması və marşrutun rəsmi təməlinin qoyulması gözlənilir.
Ekspertlərin fikrincə, layihənin açılışı üçün ABŞ administrasiyası yüksək səviyyəli nümayəndə göndərəcək. İstisna edilmir ki, bu missiyanı birbaşa ABŞ dövlət katibi Marko Rubio həyata keçirəcək. Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun reallaşdırılmasının 2026-cı ilin əvvəlinə planlaşdırıldığını açıqlamışdı.
Donald Tramp administrasiyası Bakı ilə İrəvan arasında sülh razılaşmalarını ABŞ-ın mühüm xarici siyasət nailiyyətlərindən biri kimi təqdim etdiyindən, “Tramp marşrutu”nun işə salınması mərasiminə xüsusi siyasi və simvolik əhəmiyyət verilməsi gözlənilir. Bu baxımdan, ABŞ dövlət katibinin Cənubi Qafqaza səfəri Vaşinqtonun Zəngəzur dəhlizini uzunmüddətli geosiyasi və iqtisadi layihə kimi gördüyünə dair açıq mesaj sayıla bilər.