AZ

Nazir: Gürcüstan dəmir yollarının modernləşdirilməsi üçün bir milyard lari investisiya planlaşdırılır

Tbilisi, 24 dekabr, AZƏRTAC

Anakliya dərin dəniz limanının tikintisi ilə yanaşı, dəmir yolu tutumunun artması ölkənin inkişaf strategiyasında mühüm yer tutur. Bu komponentlər olmadan Gürcüstanın ayrılmaz hissəsi olduğu Orta Dəhliz düzgün fəaliyyət göstərməyəcək və cəlbediciliyini itirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvirikaşvili Gürcüstan dəmir yolunun modernləşdirilməsi layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Orta Dəhliz marşrutu ölkənin nəqliyyat infrastrukturunun inkişafının vacibliyini sübut edir.

Bildirilib ki, infrastrukturun təkmilləşdirilməsi daşıma qabiliyyətini artırır və dəhlizə etibarlılıq qatır. Nəticədə, Gürcüstan etibarlı tərəfdaş və Asiya ilə Avropa arasında əsas əlaqələndirici əlaqə olaraq qalır. 2025-ci ilin yanvar-oktyabr ayları arasında Gürcüstan və Çin arasında yük dövriyyəsi 40 faiz artıb. Bundan əlavə, dəmir yolu Gürcüstanın Orta Dəhliz marşrutunun əsas halqası, ölkənin nəqliyyat sisteminin ən vacib hissələrindən biri kimi inkişafında böyük rol oynayır.

Qeyd edib ki, Gürcüstan dəmir yollarının modernləşdirilməsinə 1 milyard lari dəyərində tarixi və misilsiz investisiyanın həyata keçirilməsi bu sistemli və ardıcıl siyasətin bir hissəsidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
31
azertag.az

1Mənbələr