AZ

"Dövlət–QHT tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur" - Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaş cəmiyyətinə verilən yüksək qiymət dövlət–QHT münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir.

Onun sözlərinə görə, bu yanaşma dövlət və hökumətin vətəndaş cəmiyyətini tərəfdaş kimi qəbul etdiyini və fəaliyyətini yüksək dəyərləndirdiyini açıq şəkildə nümayiş etdirir:

"Xüsusilə Konstitusiya və Suverenlik ili çərçivəsində aparılan müzakirələr bunu açıq şəkildə təsdiq etdi. Hüquqi dövlət, konstitusion dəyərlər, insan hüquqları və ictimai məsləhət mövzuları abstrakt şüar səviyyəsindən çıxaraq daha konkret məzmun qazandı. Bu prosesdə QHT-lər yalnız mövqelərini bildirməklə kifayətlənmədilər, eyni zamanda tədbirlər hazırladılar, rəy mexanizmlərində fəal iştirak etdilər. QHT sektorunun özündə də ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Əvvəlki illərdə əsasən layihə icrasına fokuslanan təşkilatlar 2025-ci ildə təsir və nəticələrin ölçülməsinə daha çox diqqət yetirməyə başladılar. Bu, formallıqdan analitik yanaşmaya doğru atılmış mühüm addımdır".

Hüquqşünas həmçinin bildirib ki, bu baxımdan Konus Araşdırmalar Fondunun cəzaçəkmə müəssisələrində həyata keçirdiyi monitorinqlər xüsusi qeyd olunmalıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilən bu fəaliyyətlər yüksək səviyyədə təşkil olundu və real təsirlər göstərdi. Monitorinqlər nəticəsində bir sıra istiqamətlər üzrə məhkum hüquqlarının tam şəkildə təmin olunmadığı aşkarlandı:

"Xüsusilə vaxtından əvvəl şərti azad etmə, amnistiya və əfv mexanizmləri ilə bağlı məhkumların maarifləndirilməsi həyata keçirildi. Bu istiqamətdə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən dəstək göstərildi. Seminarların nəticəsi olaraq məhkumlar ərizələrin hazırlanması və təqdim edilməsi ilə bağlı yeni bilik və bacarıqlar əldə etdilər. Nəticədə Əfv Komissiyasına təqdim olunan müraciətlərin məzmunu daha konkret və keyfiyyətli oldu".

Əliməmməd Nuriyev əlavə edib ki, son illər vətəndaş cəmiyyəti təşkilatları arasında tədqiqat fəaliyyətlərinə maraq da artmaqdadır. Ümumilikdə isə 2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti üçün institusional möhkəmlənmə, məsuliyyətin artması və yetkinləşmə ili kimi qiymətləndirilə bilər.

 

Pərvanə Fərhadqızı

Seçilən
21
qht.az

1Mənbələr