Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Prezident İlham Əliyev və Suveren Azərbaycan Modeli” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Samir Vəliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-eksperti Zümrüd Əlizadə çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi və müstəqil dövlət quruculuğunda dönüş nöqtəsi olmasından bəhs edilib.
Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm dövlət suverenliyimizin bərpası və möhkəmləndirilməsi, həm də Konstitusiyamızda təsbit olunmuş dəyərlərin real həyatda tam şəkildə təmin edilməsinin təntənəsi idi. “Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycanda dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğunun təmin olunması əsas prinsiplərdəndir. Məhz bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN xidmət modeli xüsusi qeyd edilməlidir”.
Tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.