Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Liluaşvili qapalı keçirilən prosesdə iştirak etməyib. O, vəkili ilə göndərdiyi məktubunda bildirib ki, iş üzrə materiallarla tanış olmayana qədər iclasa qatılmayacaq.
İş üzrə məhkəmə öncəsi dinləmə fevralın 16-na təyin olunub.
Xatırladaq ki, Liluaşvili ötən gün saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvətxorluqda və “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıqdan əldə olunan gəlirlərin müxalifətin maliyyələşdirilməsi üçün istifadə edilməsində ittiham olunur.
Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.