
Türkiyənin "Hareket Project Transportation" (HPT) şirkəti "Şahdəniz" qaz-kondensat yatağında "Shah Deniz Compression" (SDC) kompressor platformasının tikintisi layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə iki illik müqavilə imzalayıb.
Missiya.Az bildirir ki, bu barədə HPT-nin yaydığı məlumatda deyilir.
"HPT-nin 4 dekabr 2025-ci il tarixli bəyanatının davamı olaraq, SOCAR və bp şirkətlərinin birgə investisiya layihəsi olan SDC kompressor platformasının tikintisi üçün mühəndis-texniki, nəqliyyat və kran xidmətlərini əhatə edən iki illik müqavilə imzalanıb", - deyə HPT-nin məlumatında bildirilir.
İmzalanmış müqavilənin ümumi dəyəri 11 milyon ABŞ dolları təşkil edir.
"Şahdəniz" konsorsiumu 2025-ci ilin sentyabr ayının sonunda yataqda SDC kompressor platformasının tikintisinə başlayıb. Dəyəri 2,9 milyard dollar olan layihənin məqsədi yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarının hasilatını təmin etməkdir ki, bu da çıxarılma əmsalının artırılmasına imkan verəcək. Gözlənilir ki, layihənin reallaşdırılması əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və 25 milyon barel kondensatın hasil edilərək ixracına şərait yaradacaq.
"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı ildə imzalanıb.