Quş qripi, digər xəstəliklər aşkarlanan bir sıra ölkələrdən Azərbaycana heyvan və quş əti məhsullarının idxalına məhdudiyyət qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriya Federativ Respublikasının Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi, Nigeriya Federativ Respublikasının Akva İbom ştatında xırdabuynuzlu heyvanların arasında taun xəstəliyi yayılıb.
Bundan başqa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiyanın Preşov diyarında Nyukasl xəstəliyi, Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliyanın Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bizim.Media