Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki JEK-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.
Publika.az xəbər verir ki, məsələni Nocomment.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov bu addımın inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini də yüksəldəcəyini hesab edir:
“JEK-lərin vahid MMC-lərə birləşdirilməsi xidmətlərin standartlaşdırılmasını təmin edəcək, resursların idarə olunması daha şəffaf olacaq. Lakin hüquqi çərçivə aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş və xidmət təminatçısı arasında mümkün mübahisələr minimuma endirilsin”.
Hüquqşünasın sözlərinə görə, vahid MMC-lərin yaradılması kommunal ödənişlərə təsir göstərə bilər:
“Əgər vahid MMC real səmərəliliyi təmin edə bilsə, artım məcburi olmayacaq. Lakin strukturlaşma xərcləri və texniki modernləşdirmə səbəbindən ilkin mərhələdə müəyyən dəyişikliklər gözlənilə bilər”.