AZ

Şəhərsalmanın optimallaşdırılması ölkə iqtisadiyyatının uzunmüddətli dinamizminin təmin olunmasında mühüm rol oynayır Ekspert

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 24 dekabr, AZƏRTAC

Sözsüz ki, ölkəmizdə şəhərsalma tədbirlərinin həyata keçirilməsi Azərbaycanın bu sahədə formalaşmış zəngin tarixi və memarlıq ənənələrinin davamı kimi qiymətləndirilə bilər. Bu yanaşma müasir dövrdə öz aktuallığını qoruyur və şəhər mühitinin inkişafında öz real əksini tapır. Şəhərsalma siyasəti Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə salınacaq yeni şəhər və yaşayış məntəqələrinin planlaşdırılmasına, onların konfiqurasiyasına və iqtisadi əsaslandırılmasına ciddi təsir göstərir. Bu proses, eyni zamanda, həmin bölgələrin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.

O bildirib ki, şəhərsalma sahəsində həyata keçirilən layihələr xarici investisiyaların cəlb olunmasına, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə geniş imkanlar yaradır: “Müasir dövrdə şəhərsalma təkcə sosial ehtiyacların ödənilməsi deyil, həm də ölkənin iqtisadi gücünün və inkişaf səviyyəsinin göstəricisi hesab olunur. Şəhər quruculuğu, həmçinin turizm potensialının artırılmasında mühüm rol oynayır. Müasir infrastruktur, estetik şəhər mühiti və funksional urbanistik həllər ölkəyə gələn qonaqlar üçün cəlbedici şərait yaradır. Bu tendensiyanı biz dünya təcrübəsində, o cümlədən Qazaxıstanın paytaxtının Astanaya köçürülməsi nümunəsində də müşahidə etmişik. Azərbaycanın zəngin memarlıq ənənələri və artan iqtisadi imkanları bu cür layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır”.

Ekspertin sözlərinə görə, ölkəmizdə son illər ərzində müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi də şəhərsalma layihələrinin əhəmiyyətini daha da artırır. Avropa Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qlobal Bakı Forumu, beynəlxalq biznes və investisiya forumları, COP29, “Formula 1” yarışları, “Eurovision” Mahnı Müsabiqəsi və digər tədbirlər şəhər infrastrukturunun davamlı şəkildə təkmilləşdirilməsini zəruri edib.

Bütün bu tədbirlər ölkənin turizm və investisiya baxımından cəlbediciliyini artırır, Azərbaycanın beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir. Bu baxımdan da şəhərsalma layihələri ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Şəhərsalmanın optimallaşdırılması gələcək iqtisadi artımın, dayanıqlı inkişafın və ölkə iqtisadiyyatının uzunmüddətli dinamizminin təmin olunmasında mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
azertag.az

1Mənbələr