ain.az bildirir, Bizimyol portalına istinadən.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla qarşıdakı görüşü zamanı İsrail ilə Qəzza zolağı arasındakı sərhədin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirə bilər.
Bizimyol.info xəbər verir ki, bu ehtimal siyasi və müdafiə səviyyələrində aparılan qapalı məsləhətləşmələr çərçivəsində müzakirə olunur.
Müzakirə edilən variantlardan biri Vaşinqtona müraciət edərək “sarı xətt” adlanan xəttin İsrailin yeni rəsmi sərhədi kimi tanınmasına dəstək istəməkdir. Bu addım reallaşarsa, Qəzza zolağının təxminən 58 faizi İsrailin nəzarəti altına keçə bilər. Bu barədə müzakirələrdə iştirak edən mənbəyə istinadən Walla portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, paralel olaraq HƏMAS-ın sektoru idarə etmək imkanlarından məhrum edilməsi məqsədilə ona qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi də təklif olunur. O bildirib ki, bu təşəbbüs daha geniş strateji mesaj daşıyır: “Bu, gələcək üçün strateji siqnaldır – yəhudiləri öldürənlər ərazi itirir”.
“Sarı xətt” Qəzza zolağının böyük hissəsini, o cümlədən Beyt-Hanun, Beyt-Lahiya, Xan-Yunis ərazilərini və Rəfahın əhəmiyyətli bir hissəsini əhatə edir. Mənbənin iddiasına görə, müzakirə olunan konsepsiya Qəzza zolağının təxminən yarısında İsrail hərbi mövcudluğunun saxlanmasını, daxildən və xaricdən iqtisadi təzyiqlərin artırılmasını, eyni zamanda demilitarizasiya şərti ilə infrastrukturun bərpasından imtinanı nəzərdə tutur.
Bununla yanaşı qeyd olunur ki, Tramp administrasiyası tərəfindən daha əvvəl təklif edilmiş planın ikinci mərhələsində İsrail qüvvələri hazırkı sərhəd xəttinə geri çəkilməli idi. Qüdsdə ərəb ölkələrinin Qəzza zolağının əhəmiyyətli hissəsinin ilhaqına razılıq verməsi ehtimalı son dərəcə aşağı qiymətləndirilir.
Siyasi dairələrdə həmçinin İsrailin qüvvələrin çıxarılmasını tam başa çatdırmadığı mövcud müvəqqəti statusun qorunub-qorunmayacağı və bu təşəbbüsün digər razılaşmaların əldə edilməsi üçün danışıqlarda alət kimi istifadə olunub-olunmayacağı müzakirə edilir.
Qadir, Bizimyol.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.