Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib, növbəti ilin büdcəsi müzakirə olunub.
Bu barədə "Yeni Sabah"a Fonddan məlumat verilib.
Bildirilib ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan qtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.
Fondun 2025-ci il üzrə 11 aylıq fəaliyyətinə dair hesabat təqdim edilib. İdarə Heyətinin sədri Rəhman Hacıyev hesabatla bağlı məruzə ilə çıxış edərək ötən dövr ərzində Fond tərəfindən həyata keçirilən layihələr, əldə olunan nəticələr, maliyyə göstəriciləri, həmçinin qarşıda duran prioritetlər barədə ətraflı məlumat verib.
Daha sonra Şuranın sədri Mikayıl Cabbarov gündəlikdə olan digər məsələləri - QDF-in Müşahidə Şurasının tabeliyində Audit Komitəsinin yaradılması, Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı yeni İnvestisiya qaydalarının hazırlanması, Fondun 2025-ci il üzrə kənar maliyyə auditorunun təyin edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb. Eyni zamanda iclasda "Qarabağ Dirçəliş Fondunun 2026-cı il üzrə büdcəsi"nin təsdiq edilməsi məsələsinə də baxılıb.
Bu məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda, Müşahidə Şurasının üzvlərinə Fonda təqdim edilən və hazırda təhlil edilən yaşıl enerji, aqropark və istehsalat zonasının yaradılması layihələri ilə bağlı da ətraflı məlumat təqdim edilib.
Telegram kanalımız