Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək.
Far.Az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, xarici işlər nazirinin müavini Onişi Yohei dekabrın 22-də Suriyaya səfər edib və ölkənin maliyyə naziri Məhəmməd Yasir Bərniyə ilə görüşüb.
Onişi bildirib ki, bu səfər son 15 ilə yaxın müddətdə Suriyaya edilən ilk yüksək səviyyəli Yaponiya rəsmi səfəridir. Görüş zamanı Yaponiya tərəfi Suriyada inklüziv, sülh və sabitliyə əsaslanan keçid prosesini dəstəklədiyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, Yaponiya–Suriya münasibətlərində yeni mərhələ başlayır və Tokio Dəməşqlə iqtisadi əməkdaşlığı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, cari maliyyə ili üçün Suriyaya 53 milyon dollarlıq yardım ayrılıb.