AZ

Zelenski razılaşa bilər: Bəs Putin?

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın ABŞ ilə birgə hazırladığı müharibənin başa çatdırılmasına dair sülh planının 20 bəndi açıqlanıb. 

Prezident Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib ki, söhbət münaqişənin nizamlanması üçün nəzərdə tutulan əsas (baza) sənəddən gedir və Rusiya bu planla bağlı mövqeyini 24 dekabrda ABŞ tərəfi ilə keçiriləcək görüşdə açıqlamalıdır. 

Bəs Rusiya yekun olaraq bu maddələrlə razılaşacaqmı? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, Rusiya tərəfinin bu şərtlərlə razılaşacağını düşünmür: 

“Onun sözlərinə görə, sənəd yenidən nəzərdən keçiriləcək və Moskva əlavə şərtlər irəli sürəcək. Hazırkı variantda yer alan müddəalar Rusiyanın indiyədək qəti şəkildə qarşı çıxdığı tələblərlə oxşarlıq təşkil edir. Belə ki, hətta NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti mexanizminin nəzərdə tutulması istənilir. Halbuki Rusiyanın bu müharibəyə başlamasının əsas səbəbi Ukraynada NATO-nun hər hansı formada yerləşməsinin qarşısını almaq idi". 

Turab Rzayev qeyd edib ki, hazırda Rusiya Ukraynanın şərqində möhkəmlənərək Qərbi Ukrayna istiqamətində genişlənmənin qarşısını almağa çalışır və bunun əsas məqsədi NATO-nun şərqə doğru genişlənməsini əngəlləməkdir: 

"Rusiya hələ 2007-ci ildən etibarən dəfələrlə vurğulamışdı ki, Ukrayna NATO-ya daxil olmamalı, onun ərazisi Rusiyaya qarşı istifadə edilməməlidir. 2008-ci ildə NATO-nun şərqə doğru genişlənmə planları Moskvanı daha sərt addımlar atmağa vadar etdi və bu prosesin davamı olaraq Rusiya Krımı Ukraynanın nəzarətindən çıxartdı. 

Hazırda isə Rusiya Ukraynanın şərqində möhkəmlənərək Qərbi Ukrayna istiqamətində genişlənmənin qarşısını almağa çalışır. Məqsəd NATO-nun şərqə doğru genişlənməsini əngəlləməkdir. Məhz bu kontekstdə Rusiya NATO, ABŞ və Aİ-yə ultimatum xarakterli tələblər irəli sürmüşdü". 

Politoloq əlavə edib ki, indiki mərhələdə Prezident Volodimir Zelenskinin NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti təklif etməsi faktiki olaraq Ukraynanın alyansa üzvlüyünün alternativ forması kimi qiymətləndirilə bilər: 

"Belə bir mexanizmə görə, Rusiya ilə Ukrayna arasında yenidən münaqişə yaranarsa, Moskvaya qarşı sanksiyalar avtomatik bərpa olunacaq, ABŞ və Avropa isə birbaşa müharibəyə cəlb olunacaq. Bu isə Rusiyanın qəti şəkildə qəbul etmədiyi yanaşmadır. 

Bundan əlavə, sənəddə Avropa İttifaqı ilə bağlı müddəalar, eləcə də ərazi bölgüsü məsələləri də yer alır. Ukrayna Donetsk vilayətinin tam şəkildə Rusiyaya verilməsinə qarşı çıxır və bu ərazinin müəyyən formada Ukraynanın nəzarətində saxlanmasını istəyir. Eyni zamanda, Rusiya qoşunlarının digər işğal olunmuş ərazilərdən çıxarılması tələbi irəli sürülür. Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətində qalmasına da Kiyev razılaşmır". 

Turab Rzayev vurğulayıb ki, bu bəndlərin əksəriyyəti  Rusiyanın onlarla razılaşması ehtimalını azaldır: 

"Zelenskinin kompromisə açıq mövqe sərgiləməsi onu göstərir ki, tərəflər müəyyən ortaq nöqtələrə yaxınlaşmağa başlayıblar. Tam razılaşma real görünməsə də, bəzi müddəaların yumşaldılmış formada qəbul edilə biləcəyi istisna deyil. Məsələn, Rusiya Ukraynanın 600 minlik ordu saxlamasına razı olduğu halda, Zelenski bu rəqəmin 800 min olacağını açıqlayıb. 

Bundan başqa, Moskva Ukraynada rus dilinin və Rus Pravoslav Kilsəsinin hüquqlarının geniş şəkildə təmin edilməsini tələb edirdi. Zelenski isə təhsil sahəsində tolerantlığın tətbiq ediləcəyini və irqçiliyə qarşı mübarizənin gücləndiriləcəyini bəyan edib. Bu amillər onu deməyə əsas verir ki, Rusiya digər şərtləri uyğunlaşdırıb yenidən Ukraynaya təqdim edəcək və danışıqlar prosesi bu istiqamətdə davam edəcək". 

Əfsanə Rəcəb 

"Cebheinfo.az"

Açar sözlər:

Zelenski Putin Turab Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr