AZ

Media nümayəndələri dövlət xətti ilə kirayəyə verilən yeni mənzillərlə tanış olub - FOTOLAR

İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələrini satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilmiş mənzillərlə tanış edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, mənzillər Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində yerləşir.

Jurnalistlər mexanizmdən faydalanmaqla mənzil sahibi olmağın prosedurları barədə məlumatlandırılıb. Bildirilib ki, bu il mexanizm çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunun Saray qəsəbəsində 2 796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. Sonuncu dəfə dekabrın 15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində 1, 2 və 3 otaqlı 188 tam təmirli mənzil təklif olunub.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses avtomatlaşdırılıb və Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

İndiyə qədər əhaliyə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. Ümumilikdə, 2020-ci ildən, kirayə mənzil mexanizminin tətbiqinə başlandıqdan bəri 9 053 kirayə müqaviləsi bağlanılıb. Mexanizmdən yararlananların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.

Seçilən
16
3
missiya.az

7Mənbələr