AZ

“Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı” adlı tədbir keçirilib

Bakı, 24 dekabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir təşkil edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri haqqında ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədi daşıyıb.

Tədbir iştirakçıları əvvəlcə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesini və “Böyük Qayıdış”ın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərdən hazırlanmış sərgiyə baxıblar.

Komitənin sədr müavini Fuad Hüseynov çıxış edərək qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət yetirdiklərini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən “Böyük Qayıdış”ın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın təmin edilməsidir. “Böyük Qayıdış”ın təşkilinin bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm bir addım olduğunu vurğulayan F.Hüseynov bu prosesin hər bir mərhələsinin ölkənin sosial və iqtisadi inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Elşad İskəndərov çıxışında “Böyük Qayıdış”ın və azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, bu prosesin gələcək inkişafı barədə fikirlərini bölüşüb. Bu layihələrin yalnız infrastruktur sahəsində deyil, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması, mədəniyyətin və təhsilin inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində böyük rolu olduğunu qeyd edib.

Tədbirdə, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa sakini Fəxrəddin Səfərov və digərləri öz təcrübələrini və “Böyük Qayıdış”a dair fikirlərini bölüşüblər.

 

Seçilən
17
12
azertag.az

10Mənbələr