AZ

Sosial şəbəkələrdə müəllimi hədəfə almaq cəsarət deyil, məsuliyyətsizlikdir Müəllim obrazı niyə deformasiyaya uğrayır?

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Keçmişdə müəllim cəmiyyətdə böyük nüfuza malik idi. Onlar yalnız bilik verən yox, həm də ailələr tərəfindən hörmətlə qarşılanan, davranışları nümunə sayılan bir şəxsiyyət olaraq qiymətləndirilirdi. Məktəb divarları müəllimlərin sözü ilə idarə olunur, valideynlər isə müəllimlərin tövsiyələrinə ciddi riayət edirdi.

Lakin indiki dövrdə vəziyyət tamamilə fərqlidir. Sosial şəbəkələrin geniş yayılması müəllim obrazının deformasiyasına səbəb olub. Valideynlər və şagirdlər arasında müəllimlər haqqında açıq müzakirələr, tənqid və bəzən əsassız ittihamlar gündəlik hala çevrilib. 

Yeni nəsil şagirdlərin və valideynlərin diqqəti sosial media məzmununa yönəldiyi üçün müəllimlərin davranışları, hətta dərs zamanı bəzi anlar mobil telefonlarla çəkilərək yayılır. Bu isə müəllimlərin nüfuzunun zəifləməsinə, peşəyə hörmətin azalmasına və ictimai etimadın sarsılmasına gətirib çıxarır. 

Sözsüz ki, dırnaqarası müəllimlər də ümumilikdə müəllim adını və nüfuzunu ləkələyən faktorlardandır. Beləliklə, sadalanan bütün nüanslar müəllim nüfuzunun deformasiya olunmasının əsas səbəblərini təşkil edir. 

Bəs görəsən gələcəkdə müəllim nüfuzu həqiqətən də sarsıla bilərmi? 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a bildirib ki, müasir müəllim obrazı keçmişlə müqayisədə təbii ki, daha çox yeni trendlər və tendensiyalarla fərqlənir: “İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq hazırda müəllimlər daha çox texnoloji yeniliklərin tətbiqi ilə seçilirlər. Bununla yanaşı, müasir dövrün və müasir dəbin çağırışlarına uyğun olaraq geyim tərzi, ümumi görünüş, texnologiyadan istifadə və digər amillər də ön plana çıxır. Bütün bunlar əvvəlki ənənəvi müəllim obrazından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırda müəllimin ümumi nüfuzunun azalması məsələsi də müzakirə olunur. Burada əlbəttə ki, müəllimin valideyndən asılılığının artması mühüm rol oynayır. Artıq 1-ci sinifdən 11-ci sinfə qədər valideynlər övladlarını repetitor yanına göndərirlər. Bəzi hallarda isə öz sinif müəllimləri uşaqlara əlavə dərs keçirlər ki, bu da müəllimin valideyndən asılılığını artırır və istənilən halda onun nüfuzuna təsir göstərir”.

Ekspertin sözlərinə görə, digər bir amil isə müəyyən mənfi hallara yol verən şəxslərlə bağlıdır: “Hazırda sertifikasiya prosesi nəticəsində bu şəxslərin bir hissəsi tədrisdən uzaqlaşdırılıb. Lakin əvvəllər onların bəzi yanlış davranışları digər müəllimlərin də nüfuzuna xələl gətirirdi. Ümumilikdə, müəllim nüfuzuna zərər vuran hallar sırasında sosial şəbəkələrdə və platformalarda etik və pedaqoji normalara uyğun olmayan paylaşımların edilməsi də mühüm yer tutur. Bu kimi hallar təbii ki, cəmiyyətin müəllimə olan münasibətinə mənfi təsir göstərir. Lakin biz hər zaman müəllim nüfuzunun və müəllim peşəsinin dəyərinin yüksək olmasını ön plana çəkməliyik. Bu istiqamətdə həm Elm və Təhsil Nazirliyi, həm də müvafiq qurumlar fəaliyyət göstərməlidir. Eyni zamanda müəllimlərin özləri də nüfuzlarının daha yüksək səviyyədə qorunması üçün müəyyən qaydalara riayət etməlidirlər”.

Sosioloq Rəvan Əliyevin sözlərinə görə, problemi məktəb daxilində, hüquqi və etik mexanizmlərlə həll etmək əvəzinə, müəllimi ictimaiyyət qarşısında nüfuzdan salmaq normal davranış kimi təqdim olunur: “Bəzi valideynlər sosial şəbəkələri hüquqi və pedaqoji dialoq məkanı yox, emosional rahatlama tribunasına çeviriblər. Nəticədə sosial mediada təhlükəli stereotip formalaşır: müəllim savadsızdır, rüşvətxordur, psixoloji təzyiq göstərir, şagirdə düşməndir. Bu yanaşma elmi əsaslara deyil, emosional manipulyasiyaya söykənir. Unudulur ki, müəllim sosial sistemin daşıyıcı sütunudur. Bu deformasiyanın cəmiyyət üçün riski böyükdür. Müəllimə etimad sarsıldıqda məktəb institutunun legitimliyi zəifləyir, şagird müəllimi hədəf kimi görməyə başlayır. Valideyn–müəllim qarşıdurması isə təhsilin keyfiyyətini yox, xaosu artırır. Uzunmüddətli perspektivdə bu, bilik yox, aqressiya yetişdirən cəmiyyət deməkdir. Sosial şəbəkələrdə müəllimi hədəfə almaq cəsarət deyil, məsuliyyətsizlikdir. Müəllimə hörmət itən yerdə gələcək intellektual nəsil də risk altındadır. Cəmiyyət bunu nə qədər tez dərk etsə, bir o qədər az itki verər”.

Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
avtosfer.az

2Mənbələr