“Qarşımızdakı iki il ərzində 12 böyük layihənin həyata keçirilməsini hədəfləyirik”.
Oxu.Az-ın məlumatına görə, bu açıqlamanı MÜSİAD Azərbaycan Direktorlar Şurasının sədri Fuat Kayhan 5-ci Baş Assambleya toplantısının bağlanış iclasında verib.
O, bu layihələrin koordinasiyası üçün xüsusi sənaye və investisiya komissiyasının yaradılacağını və sözügedən işlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan İqtisadiyyat Nazirliyi, Türkiyə İqtisadiyyat Nazirliyi və MÜSİAD Baş Qərargahının birgə dəstək verəcəklərini qeyd edib.
Fuat Kayhanın sözlərinə görə, hər iki aydan bir istifadəyə verilməsi planlaşdırılan istehsal müəssisələri ilə Azərbaycanda qlobal rəqabət gücünə malik güclü sənaye infrastrukturunun yaradılması hədəflənir, ilk strateji addım isə su kranlarının istehsalı sahəsində atılacaq.
“2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda su kranları istehsal edəcək müasir sənaye müəssisəsinin yaradılması üzərində işlərə başlayırıq”, – deyə Kayhan bildirib.
O, Türkiyədə bu sahədə fəaliyyət göstərən çox sayda MÜSİAD üzvü şirkətin olduğunu xatırladıb.
“Bu sektorun Azərbaycan brendi altındakı istehsal ilə bir araya gəlməsi bizim üçün strateji hədəfdir”, – deyə Fuat Kayhan vurğulayıb.
O, prosesin etibarlı və uğurlu şəkildə davam etməsi üçün Azərbaycan hökumətinin lazımi dəstəyi göstərəcəyinə inandıqlarını, həmçinin müvafiq nazirliklərlə sıx əməkdaşlıq edəcəklərini əlavə edib.


