Media Təhlil Mərkəzinin (MTM) sakinlər arasında keçirdiyi sorğunun nəticələri göstərir ki, son bir il ərzində “Azparking” ödənişli parklanma xidmətinə ictimai münasibətdə nəzərəçarpan dəyişiklik baş verib.
Heftelik.az təhlil.az-a istinadən xəbər verir ki, 2024-cü ilin dekabrında respondentlər arasında keçirilən sorğu zamanı vətəndaşlar ödənişli parklanma sisteminə daha çox ehtiyatla və ya mənfi yanaşdıqları halda, 2025-ci ilin sonuna doğru bu münasibət müsbət istiqamətdə dəyişib. Daha dəqiq desək, “Azparking” xidmətini bəyənənlərin payı 31,6 faizdən, 46 faizə yüksəlib, eyni zamanda xidmətdən narazı olanların payı 60,5 faizdən 45,5 faizə enib. Bu dinamika göstərir ki, zaman keçdikcə daha çox sakin parklanmanın tənzimlənməsində bu sistemin müəyyən üstünlüklərini qəbul etməyə başlayır.
Müsbət dəyişikliyin əsas səbəblərindən biri vətəndaşların yeni qaydalara adaptasiyası ilə əlaqələndirilir. Mobil tətbiq və SMS vasitəsilə ödəniş mexanizminin daha anlaşılan olması, habelə bəzi ərazilərdə nizamsız parklanmanın azalması sakinlər tərəfindən müsbət qiymətləndirilir. “Azparking” sistemi ilkin mərhələdə yenilik kimi qəbul edilsə də, hazırda gündəlik şəhər həyatının funksional elementlərindən birinə çevrilir.
Sorğu nəticələri onu da göstərir ki, ödənişli parklanma mexanizmi hələ də ictimai müzakirə mövzusu olaraq qalır. Bununla belə, ictimai rəyin mənfi mövqedən neytral və qismən müsbət istiqamətə doğru dəyişməsi sistemin mərhələli şəkildə qəbul edildiyini göstərir.
Ümumilikdə, MTM-nin apardığı təhlil belə nəticəyə gəlməyə əsas verir ki, ödənişli parklanma sisteminin təkmilləşdirilməsi və şəffaflığın artırılması halında ona ictimai dəstək gələcək dövrdə daha da arta bilər.
.png)