AZ

İnfeksionist: Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil

Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial media hesabındakı canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, son zamanlarda insanlar arasında bu barədə yayılan xəbərlər şayiədir:

"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsasən hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus imfeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur. Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. Bu səbəbdən fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların olduğunu deyə bilərik. Lakin yeni virusun yayılması xəbəri şayiədir".

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağırı olan qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:

"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur".

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.

Xatırladaq ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Seçilən
61
2
far.az

8Mənbələr