Gənclərin dinə marağını onların mənəvi-mədəni inkişafı üçün istifadə etmək olar.
"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən Din Xadimlərinin II Forumu çərçivəsində "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar" mövzusunda paneldə deyib.
Onun sözlərinə görə, bugünkü gənclər - ötən əsrin 90-cı və 2000-ci illərində doğulan nəsil çox sürətli və nəzarətsiz informasiya mühitində böyüyüb:
"İnformasiyanın fasiləsiz axını dayanmır. Gənclər isə düşüncə mərhələsində olan insanlardır. Bu proses onların daxili dünyasında dəyişkənliyin başlanmasına səbəb olur. Gənclərə bir məlumat çatmamış, digəri təqdim olunur. Bu isə dərin düşünmə və dəyər formalaşdırılması imkanını zəiflədir".
Nazir müavini bildirib ki, gənclər doğru şəkildə istiqamətləndirilərsə, onlara böyüklər tərəfindən sağlam şüur və dəyərlər aşılanarsa, onlar bu bilikləri başqalarına da ötürə bilərlər:
"Burada ailənin rolu xüsusilə vacibdir. Gənclərin dinə marağından istifadə edərək onların mənəvi-mədəni inkişafında böyük rol oynamaq olar".