”Sankt-Peterburqda keçirilən görüş çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə tranzit yollarının açılması və ikitərəfli ticarətin başlanması üçün yaradılan şəraitə görə təşəkkür etməsi regionda gedən siyasi proseslərin mahiyyətini aydın şəkildə ortaya qoyan mühüm mesaj kimi dəyərləndirilməlidir” Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu təşəkkür təsadüfi diplomatik jest deyil, məhz Prezident İlham Əliyevin illərdir ardıcıl və məqsədyönlü şəkildə apardığı siyasətin məntiqi nəticəsidir:
“Uzun müddət Cənubi Qafqazda qarşıdurma və blokada siyasəti aparan Ermənistan bu yanaşmanın nə siyasi, nə də iqtisadi baxımdan nəticə vermədiyini artıq etiraf etmək məcburiyyətində qalıb. Tranzit və kommunikasiya xətlərinin açılması ideyasını konseptual səviyyədən real gündəliyə daşıyan Azərbaycan bu prosesdə sülhün əsas dayağını formalaşdırıb. Məhz bu səbəbdən Paşinyanın təşəkkürü aparılan siyasətin nəticəsi olaraq qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin əsas mahiyyəti sülhü kağız üzərində deyil, praktik mexanizmlər üzərində qurmaqdan ibarətdir. Tranzit yollarının açılması regionda qarşılıqlı iqtisadi maraqlar yaradır, bu isə sülh prosesini geri dönməz edir. Siyasi razılaşmalar iqtisadi asılılıqla möhkəmləndikdə, qarşıdurma ehtimalları da minimuma enir.
Paşinyanın məhz Sankt-Peterburqdan bu mövqedən çıxış etməsi Ermənistanın regional reallıqları qəbul etdiyini göstərir. Tranzit imkanlarının açılması Ermənistan üçün təkcə logistik və iqtisadi dividentlər deyil, həm də siyasi kursun dəyişməsi anlamına gəlir. Bu dəyişiklik revanşist ritorikanın zəifləməsi və daha praqmatik yanaşmanın önə çıxması deməkdir.
Azərbaycan üçün isə bu proses strateji üstünlüklər yaradır. Rəsmi Bakı regionda sülh gündəmini diktə edən tərəf kimi çıxış edir və öz təşəbbüsləri ilə yeni əməkdaşlıq modelini formalaşdırır. Tranzit yollarının açılması Azərbaycanın regional liderliyini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq arenada etibarlı və konstruktiv tərəfdaş imicini də gücləndirir.
Eyni zamanda, nəqliyyat və kommunikasiya xətlərinin bərpası Cənubi Qafqazı Şərq–Qərb və Şimal–Cənub istiqamətində mühüm strateji məkana çevirir. Bu isə sülh prosesində maraqlı olan beynəlxalq aktorların sayını artırır və sülh planlarının pozulmasını həm siyasi, həm də iqtisadi baxımdan daha riskli edir.
Beləliklə, Paşinyanın təşəkkürü təkcə bir bəyanat deyil, regionda yeni siyasi reallığın göstəricisidir. Bu reallığın mərkəzində isə Prezident İlham Əliyevin strateji səbrə, rasional yanaşmaya və konkret iqtisadi alətlərə əsaslanan siyasəti dayanır. Məhz bu siyasət nəticəsində sülh gündəliyi deklarativ mərhələdən icra müstəvisinə keçmişdir”