Ukrayna lideri sülh razılaşması üzrə referendumun keçirilməsi üçün 60 günlük fasilənin vacib olduğunu bildirib...
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə münaqişənin nizamlanmasına dair mümkün razılaşma ilə bağlı referendum keçirmək üçün iki aylıq atəşkəsin elan edilməsini təklif edib.
Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo nedeli” nəşri məlumat yayıb.
Ukraynalı jurnalistlərin yazdığına görə, dekabrın 24-də Zelenski media nümayəndələri ilə ünsiyyəti zamanı Ukrayna münaqişəsinin həllinə dair plan layihəsini təqdim edib. Prezident bildirib ki, referendumun legitim keçirilməsi üçün minimum 60 gün vaxt tələb olunur və bu müddət ərzində real və tam atəşkəs təmin edilməlidir.
Zelenskinin sözlərinə görə, əgər 60 günlük etibarlı atəşkəs əldə olunmasa, referendum keçirmək mümkün olmayacaq və belə bir səsvermə legitim hesab edilə bilməz. O, həmçinin qeyd edib ki, təhlükəsizlik şəraiti imkan verərsə, Ukraynada seçkilər sülh razılaşması üzrə referendumla eyni vaxtda təşkil oluna bilər.
Xatırladaq ki, dekabrın 14-də Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu açıqlamışdı. Lakin onun sözlərinə görə, səsvermə yalnız təhlükəsizlik tam təmin olunduğu halda mümkündür. Prezident eyni zamanda vurğulayıb ki, nəzarətdən çıxmış və itirilmiş ərazilərdə seçkilərin keçirilməsi nəzərdə tutulmur.
Poliqon.info