AZ

Türkiyədə təhsil almaq istəyənlərlə bağlı ÖNƏMLİ XƏBƏR – Bu diplomlar…

Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam etdirə bilmədiklərindən narahatlığını ifadə edib.

Bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı danışıb. Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb. “Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də, bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır”, – Əli Əsədov vurğulayıb.

Məsələ özlüyündə bir neçə önəmli sualı gündəmə gətirir: Türkiyənin Ali Təhsil Şurasının (YÖK) Azərbaycan universitetlərinin diplomlarını tanımamasının əsas səbəbləri nədir?

Bu problem daha çox tədris proqramları, kredit və saat uyğunsuzluğu, ali təhsil sistemləri arasındakı struktur fərqlər və nostrifikasiya tələbləri ilə bağlıdır, yoxsa iki ölkə arasında müvafiq institusional razılaşmaların yetərincə olmamasından qaynaqlanır?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev qeyd edib ki,  bu məsələni yalnız texniki və akademik uyğunsuzluqlarla izah etmək düzgün olmaz:

“Problem daha dərindir və sistematik xarakter daşıyır. Təəssüf ki, hazırda söhbət təkcə ayrı-ayrı diplomlardan yox, bütövlükdə bir sıra Azərbaycan universitetlərinin Türkiyə tərəfindən tanınmamasından gedir. Məsələn, Azərbaycan Tibb Universitetinin adının YÖK-ün tanınan ali təhsil müəssisələri siyahısından çıxarılması cəmiyyət üçün xüsusilə narahatedici haldır. Tibb kimi həssas və dövlət nəzarətində olan bir sahədə belə bir addımın atılması, məsələni sırf tədris proqramı və ya kredit uyğunsuzluğu ilə izah etməyi çətinləşdirir. Eyni zamanda Bakı Mühəndislik Universiteti ilə bağlı “FETÖ” iddiaları əsasında tanınmanın dayandırılması da obyektivlik baxımından ciddi suallar doğurur. Ortada nə həmin dövrə aid müəllim heyəti, nə də tələbə kontingenti ilə bağlı real və aktual faktlar mövcuddur. Buna baxmayaraq, universitet bütöv şəkildə cəzalandırılır ki, bu da hüquqi və akademik ədalət prinsiplərinə uyğun görünmür”.

Hacıyevin sözlərinə görə, problemin başqa bir, bəlkə də ən absurd tərəfi isə ondan ibarətdir ki, bəzi hallarda Türkiyədə Azərbaycan diplomlarının və hətta onların notarial tərcümə və təsdiqlərinin belə qəbul edilmədiyi müşahidə olunur:

“Tələbələr Türkiyəyə getdikdən sonra məcbur edilirlər ki, eyni sənədləri yenidən, yüksək məbləğlər ödəyərək tərcümə və təsdiq etdirsinlər. Bu isə artıq akademik yox, açıq şəkildə inzibati və maliyyə yükü yaradan bir praktikadır. Bütün bunlar onu göstərir ki, məsələ yalnız kredit, saat və ya nostrifikasiya tələbləri ilə məhdudlaşmır. Burada iki ölkə arasında ali təhsil sahəsində institusional mexanizmlərin yetərincə işləməməsi, vahid və şəffaf yanaşmanın olmaması əsas problemlərdən biridir.

Ekspert qeyd edib ki, strateji tərəfdaşlıq və “bir millət – iki dövlət” prinsipi fonunda bu problemin həlli mümkündür, lakin bu, sadəcə bəyanatlarla yox, konkret addımlarla həyata keçirilməlidir:

“Xüsusilə tibb kimi sahələr üzrə:

• ortaq akkreditasiya komissiyalarının yaradılması,
• birgə proqram və klinik praktikaların tanınması,
• universitetlər üzrə fərdi və şəffaf qiymətləndirmə mexanizmlərinin tətbiqi,
• diplom və sənəd tanınmasında qarşılıqlı hüquqi öhdəliklərin rəsmiləşdirilməsi
zəruridir”.

“Əks halda, bu vəziyyət həm tələbələrin hüquqlarına zərər vurur, həm də Azərbaycan–Türkiyə ali təhsil əməkdaşlığının ruhuna uyğun olmayan bir mənzərə yaradır” , – deyə Fuad Hacıyev vurğulayıb.

Seçilən
4
nocomment.az

1Mənbələr