AZ

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

Bu gün növbəti köç karvanı ilə Sos kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayonunun Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 24 ailə olmaqla, 99 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Köçürülən ailələrin evlərində yerləşməsi üçün bütün zəruri şərait yaradılıb.

13:59

İşğaldan azad olunan Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sos kəndi bu gün 24 ailə olmaqla, 99 nəfərə qucaq açıb.

Yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurda qovuşub və yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Seçilən
25
26
azerbaijan-news.az

10Mənbələr