AZ

ABŞ bu şəxsləri “qara siyahı”ya saldı

ABŞ Dövlət Departamenti “amerikalıların fikirlərinin” senzura olunması məqsədilə rəqəmsal platformalara təzyiq göstərdikləri iddiası ilə 5 şəxsə viza məhdudiyyəti tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamentinin İctimai Diplomatiya üzrə müavini Sara B. Rocers məsələ ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Rocers bildirib ki, amerikalıların fikirlərinin senzura olunması üçün rəqəmsal platformalara təzyiq göstərdikləri əsas gətirilərək keçmiş Avropa Komissiyasının üzvü Tyerii Breton, Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) rəhbəri İmran Əhməd, Qlobal Dezinformasiya İndeksinin (GDI) rəhbəri Kler Melford, Almaniya mərkəzli “HateAid” vətəndaş cəmiyyəti təşkilatının rəhbərləri Anna-Lena fon Hodenberq və Jozefin Ballona viza məhdudiyyəti tətbiq olunub.

ABŞ Dövlət katibi Marko Rubio yazılı açıqlamasında bildirib ki, sözügedən 5 şəxs xarici dövlətlər tərəfindən həyata keçirilən senzura fəaliyyətlərini dəstəkləməkdə, amerikalı natiqləri və şirkətləri hədəf almaqda ittiham olunur.

Onların ABŞ-yə girişinin, ölkədə qalmasının və ya fəaliyyət göstərməsinin ABŞ-nin xarici siyasəti baxımından potensial olaraq ciddi mənfi nəticələr doğura biləcəyi qiymətləndirilib.

Rubio qeyd edib ki, “qlobal senzuranın nümayəndələri” kimi xarakterizə edilən bu şəxslərə viza məhdudiyyəti tətbiq olunub və onların ABŞ-yə girişinə qadağa qoyulacaq.

O, eyni zamanda Daxili Təhlükəsizlik Nazirliyinin bəzi şəxslər barəsində deportasiya prosedurlarına başlaya biləcəyinə diqqət çəkib.

Dövlət katibi vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın “Öncə Amerika” yanaşması çərçivəsində Amerikanın suverenliyinin pozulmasına qarşı qəti mövqe nümayiş etdirilir. Rubio bildirib: 

“Xarici senzura aktorlarının Amerika ifadə azadlığını hədəf alan ölkəxarici müdaxilələri bu çərçivədə qiymətləndirilir”.

Rubio əlavə edib ki, bu cür fəaliyyətlərin davam etməsi halında sanksiya siyahısı genişləndirilə bilər.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr